Övladlığagötürmə ilə bağlı yeni elektron sistem istifadəyə veriləcək

17:13 - 28.08.2019


28 avqust, Fineko/abc.az. Prezidentin 2018-ci il 10 dekabr tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi, bu sahədə yeni idarəetmə metodunun hazırlanması işlərini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, bu işlər çərçivəsində nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılır.

Həmin altsistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid elektron uçotunun aparılması, eləcə də övladlığagötürmə ilə bağlı bir sıra işlərin elektron şəkildə yerinə yetirilməsi məqsədinə xidmət edəcək.

Övladlığagötürmə üçün tələb olunan sənədlər kağız daşıyıcılar vasitəsilə deyil, altsistemə inteqrasiya ediləcək dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq.

Yeni elektron sistemin cari il noyabrın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.

 

Bütün xəbərlər