Azərsu Horadiz şəhərində su təchizatı sistemini yeniləyir

16:07 - 29.08.2019


29 avqust, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən 2019-cu ilin may ayında Fizuli rayonun  Horadiz şəhərində layihə çərçivəsində yeni su təchizatı sistemləri yaradılır. Layihəyə əsasən, ilkin mərhələdə Horadiz şəhərinin mərkəzi hissəsinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə 3 subartezian quyusu qazılması nəzərdə tutulub.

“Azərsu” ASC-dən bildirilib ki, su mənbəyindən Horadiz şəhərinə qədər 2,6 km uzunluğunda magistral su xəttinin tikintisi yekunlaşıb. Tikinti işlərinə başlanılan qısa müddət ərzində inşası nəzərdə tutulan 20 km su şəbəkəsinin 16 km-lik hissəsi inşa edilib, 1500  ünvandan 1000-ə qədəri yeni şəbəkəyə qoşulub. Yaxın vaxtlarda içməli su şəbəkəsinin inşası başa çatacaq və layihənin birinci mərhələsində 6 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.

Növbəti mərhələdə görüləcək işlər bütün Horadiz şəhərini əhatə edəcək. Bu məqsədlə 3 yeni subartezian quyusunun qazılması, şəhərdaxili su şəbəkəsinin 70 km-dək genişləndirilməsi, ev birləşmələrinin sayının 3500-ə çatdırılması nəzərdə tutulur.

Ümumilikdə bu layihədən rayonun 15 min sakini faydalanacaq.

 

Bütün xəbərlər