Qeyri-işlək aktivlərə dair “Bakı yanaşması” müzakirə olundu

15:02 - 11.12.2017


11 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (FIMSA) ilə banklar arasında görüş keçirilib.

Palatadan verilən məlumata əsasən, Azərbaycan Banklar Assosiasiyası (ABA), FIMSA və kommersiya banklarının nümayəndələri arasında keçirilən görüş zamanı, bankların qeyri-işlək aktivlərinin idarə edilməsi üzrə mexanizmlərin yaradılmasına dair “Bakı yanaşması” təqdim edilmişdir.

“Bakı yanaşması”, kredit təşkilatlarının balansında olan qeyri-işlək aktivlərin restrukturizasiyası üçün  banklar arasında Kollektiv sazişin bağlanılmasını nəzərdə tutur. 

Bu kimi Sazişin imzalanmasında məqsəd,  qeyri-işlək (toksik) aktivlərin ümumi restrukturizasiyası prinsiplərini razılaşdırmaq, restrukturizasiya zamanı itkilərin minimuma çatdırmaq və sağlamlaşma ilmkanı olan təsərrüfat subyektlərinin iflasına yol verməməkdir. 

“Görüş iştirakçıları, bu kimi borcların restrukturizasiyasını  dəstəklədilər. Görüşün yekununda,  Kollektiv sazişin bağlanılması məqsədi ilə danışıqlara başlamaq, habelə,  bu məsələnin tənzimlənməsi üçün, FIMSA və bankların nümayəndələrindən  ibarət işçi qrupu yaratmaq  qərara alınıb”, - Palatanın məlumatında belə deyilir.

 

 

 

Bütün xəbərlər