“Asan İmza” Kiyevdə keçirilən PKI FORUM UA - 2017 IV Beynəlxalq forumunda təqdim edilmişdir

12:44 - 4.10.2017


2017-ci il 3-4 oktyabr tarixlərində Kiyev şəhərində PKI FORUM UA – 2017 IV Beynəlxalq forumu keçirilmişdir.

Tədbir Ukraynanın Ədliyyə Nazirliyi, Ukraynanın xüsusi rabitə və informasiyanın mühafizəsi Dövlət Xidməti, Ukraynanın Dövlət Miqrasiya Xidməti, Ukraynanın elektron idarəetmə məsələləri üzrə Dövlət Agentliyinin dəstəyi ilə təşkil edilmişdir.

Forumun təşkilatçısı “İnformasiya təhlükəsizliyi və informasiya texnologiyaları” Ümumukrayna Assosiasiyası olmuşdur.

PKI FORUM UA – 2017 forumunda işıqlandırılan əsas məsələlər elektron identifikasiyanın yeni xidmətləri və texnologiyaları, eləcə də  elektron şəkildə inzibati və digər xidmətlərin təqdim edilməsi üçün elektron rəqəmsal imzanın (Mobile ID, Bank ID, Blockchain) tətbiqi perspektivlərinə həsr edilmişdir. Elektron identifikasiya və etibarlı xidmətlərin təqdim edilməsi sisteminin təhlükəsizliyi, standartlaşdırma və normativ-hüquqi bazanın vəziyyəti, texniki həllərin digər sistemlərlə əlaqəsinin mümkünlüyü və s. mövzuları müzakirə obyekti olmuşdur.

Azərbaycanda Mobile ID Konsorsiumunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan AZINNEX (Azerbaijan Consortium of Export Innovations) Konsorsiumunun üzvü, eləcə də “Asan İmza” mobil elektron imza xidmətinin operatoru hesab edilən B.EST Solutions Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe “Mobile ID – Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlərə təhlükəsizlik açarıdır” adlı məruzə ilə çıxış etmişdir. Qeyd etmək lazımdır ki, xanım Yana Krimpe Forumda ikinci dəfə iştirak edir.

“B.EST Solutions” şirkəti və “Asan İmza” komandası Azərbaycanın innovativ brendi sayılan “Asan İmza”nın  müxtəlif ölkələrə ixracı istiqamətində intensiv işlər aparmaqdadırlar. “Ümid edirik ki, “Asan İmza” əhalinin geniş təbəqəsinə elektron xidmətlərin göstərilməsi zamanı Ukraynanın nəinki innovativ identitetinə çevriləcək, eyni zamanda Azərbaycanla Ukrayna arasında nəqliyyat-logistik marşrutların inkişafı, biznes-prosedurların ixracı və sadələşdirilməsi üçün yeni innovativ imkanlar yaradaraq ölkələrimiz arasında transsərhəd elektron xidmətlərin qurulması zamanı əsas əlaqələndirici element qismində çıxış edəcəkdir”, -deyə xanım Yana Krimpe qeyd etmişdir.

Kriptoqrafik mühafizə sistemlərinin reallaşdırılmasında Ukrayna həmkarlarının peşəkarlıqlarını yüksək qiymətləndirən xanım Yana Krimpe yeni texnologiyaların reallaşdırılması və xüsusilə post-kvant kriptoqrafiyasının reallaşdırılması məsələsində yüksək texnoloji təcrübənin qarşılıqlı şəkildə zənginləşdirilməsi məsələlərində iki ölkə arasında əməkdaşlığın davam etdirilərək yeni perspektivlər açacağını xüsusilə vurğulamışdır.

PKI FORUM UA – 2017 konfransında Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən Azexport.az portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla innovativ Azərbaycanın son nailiyyətləri təqdim edilmişdir.

Bu gün Portal Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyir və Alibaba.com, eBay.com, Wholesale, Amazon, All.biz kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Xanım Yana Krimpe eyni zamanda Azərbaycanda ilk dəfə olaraq fərdiləşdirilmiş dövlət blokçeyn texnologiyasının necə reallaşacağını, bütün tranzaksiyaların harada log, imza və vaxt möhürünə malik olacaqlarını konfrans iştirakçılarına nümayiş etdirmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində Azexport.az portalının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməkdədir. Bu Sərəncama əsasən “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaqdır.

Bu Sərəncamın davamı olaraq, 12 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “www.azexport.az” internet portalı haqqında “Əsasnamə” təsdiqlənmişdir. Əsasnaməyə görə Portaldan gücləndirilmiş elektron imza olan “ASAN imza” vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər, Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatda olan şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması, eləcə də xidmətlərdən istifadə, ümumiyyətlə portalda həyata keçirilən bütün digər prosedurlar gücləndirilmiş elektron imza olan “ASAN imza” vasitəsilə reallaşdırılır.

Digər prosedurlar da “Asan İmza” gücləndirilmiş mobil elektron imza vasitəsilə həyata keçiriləcəkdir. mResidence layihəsi konfrans iştirakçılarının xüsusi marağına səbəb olmuşdur. Qeyd olunan layihə xarici vətəndaşlara “Asan İmza” istifadəçisi olmağa, bu isə öz növbəsində onlara Azərbaycanda təqdim olunan elektron xidmətlərə əlyetərlilik və əlbəttə ki, dünyanın istənilən nöqtəsindən öz fəaliyyətlərini həyata keçirməyə imkan verir. Bu yaxınlarda istifadəyə verilən AsanDoc.az portalı sayəsində isə orada autentifikasiya vasitəsi kimi tətbiq olunan “Asan İmza” vasitəsilə elektron formada istənilən sənədi imzalamaq mümkündür. Bundan əlavə portalda Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələri və bankları ilə asan və hüquqi baxımdan qanuni əlaqə təmin edilmiş, eləcə də özəl şirkətlər ilə sənəd dövriyyəsi prosesi sadələşdirilmişdir. PKI FORUM UA – 2017 konfransının iştirakçılarına “Asan İmza” vasitəsilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, Elektron Hökumət Portalının, “Asan Ödəniş” portalının və Azərbaycanın maliyyə sektorunun innovativ xidmətləri təqdim edilmişdir.


Bütün xəbərlər