Əkrəm Həsənovla Palata arasında nə baş verir?

14:47 - 4.09.2019


4 sentyabr, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi hüquqşünas-ekspert Əkrəm Həsənov iyunun sonunda Milli Məclisin “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Qanun layihəsi ilə bağlı bəzi məqamlara münasibət bildirib.

Abc.az xəbər verir ki, ekspert qeyd edib ki, qəbul olunan layihənin bir məqsədi var: Palatanın səlahiyyətlərini genişləndirib BOKT-ları tam boğub sıradan çıxarmaq. Onun sözlərinə görə, kadr, səriştə və bacarıq qıtlığı yaşayan Palatadan bundan artığını gözləmək də olmazdı:”Əslində, sözügedən Qanunun həqiqətən ciddi təkmilləşdirilməsinə böyük ehtiyac var. Belə ki, onun əsas qüsuru BOKT-ların təsnifatıdır. Qanuna görə BOKT-lar 2 növə bölünür: girov əmanəti qəbul edə bilən və bilməyən. Müvafiq olaraq girov əmanəti qəbul edən BOKT-lara qarşı tələblər də nisbətən daha sərtdir. Lakin girov əmanəti tamamilə mənasız bir şey olduğu üçün sözügedən fərqin heç bir əhəmiyyəti yoxdur (mən bu barədə hələ 2011-ci ildə “Azərbaycanın bank hüququ” kitabımda yazmışam, amma təəssüf ki, Palata bunu hələ də dərk etməyib!). Çünki mahiyyətcə girov əmanəti, heç də əmanət deyil, Mülki Məcəllə ilə nəzərdə tutulan pul vəsaitinin girovudur. Buna görə də onu nəinki BOKT, istənilən kreditor tələbinin təminatı kimi qəbul edə bilər. Digər tərəfdən isə BOKT girov əmanəti hesabına kreditlər verə və digər maliyyə xidmətləri göstərə bilməz. BOKT-ə heç bir üstünlük vermədiyi halda girov əmanəti qəbul etmək hüququ BOKT-in üzərinə bir sıra xüsusi prudensial normativə və tələbə riayət etmək vəzifəsini qoyur. Halbuki, girov əmanəti qəbul etmək hüququ heç bir risk yaratmır. Belə ki, girov əmanətinin məbləği təmin olunan əsas borcun qalığı və ona hesablanacaq faizlərdən, müddəti isə kreditin müddətindən artıq ola bilməz. Deməli, borc alan heç bir halda yerləşdirdiyi girov əmanətini itirə bilməz. Qeyd edilənlərdən belə çıxır ki, BOKT-ə girov əmanəti qəbul etmək hüququna malik olmaq sərf etmir. Buna görə də məsələnin mahiyyətindən hali olan heç bir BOKT girov əmanəti hüququna malik olmaq istəməz. Bu isə o deməkdir ki, mövcud təsnifatın praktiki əhəmiyyəti yoxdur”.

 

 

Bütün xəbərlər