Artıq bələdiyyə ödənişlərini Hökumət Ödəniş Portalı vasitəsilə ödəmək olar

14:50 - 9.09.2019


9 sentyabr, Fineko/abc.az. Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı” (HÖP) ölkədə nağdsız ödənişlərin genişləndirilməsi üzrə görülən işlər içərisində xüsusi əhəmiyyətə malikdir.

Mərkəzi Bankdan verilən məlumata görə, 6 sentyabr 2019-cu il tarixindən yerli (bələdiyyə) vergi və ödənişlər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunub.

30 bank və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında istənilən vasitələrlə, o cümlədən nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və IOS platformalı) istifadə etməklə isə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparmaq olar.

Beləliklə, ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün bələdiyyələr tərəfindən təqdim edilən “Yerli Vergi Ödəyicisinin Kodu” (YVÖK) istifadə edilməlidir. Ödəyicilər bu kodu müvafiq bələdiyyə orqanlarına müraciət etməklə əldə edə bilərlər.

 

Bütün xəbərlər