Mərkəzi Bankdan valyuta bazarındakı əməliyyatlarla bağlı açıqlama

10:29 - 10.09.2019


10 sentyabr, Fineko/abc.az.  2019-cu ilin I yarısında valyuta bazarında tələb-təklif nisbəti və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansındakı meyillərə uyğun formalaşıb.

Abc.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının Yanvar- İyun ayı üzrə statistikasında qeyd olunub. İcmala əsasən, iqtisadi subyektlərin xarici iqtisadi əməliyyatlarının dinamikası cari ildə də valyuta bazarında əməliyyatların həcmi müəyyənləşdirən başlıca amil olub. Belə ki, I yarımillikdə qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 12,1 mlrd. ABŞ dollar ekvivalentində qeydə alınıb. Sözügedən dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 81,4%-i ABŞ dollarında, 18,6%-i digər valyutalarda aparılıb.

Qeyri-nağd valyuta əməliyyatlarının 34,4%-i banklararası valyuta bazarında (BVB), 65,6%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.  Hesabat dövründə BVB-də əməliyyatların 94%-i ABŞ dollarında, Avro, İngilis funt sterlinqi, Rus rublu ilə əməliyyatlar daxil olmaqla 5%-i Avroda, 1%-i isə digər valyutalarda aparılıb.  BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 8 mlrd. dollar ekvivalentində olub ki, bunun da 75%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib.

BDVB-də valyuta əməliyyatlarının 91,1%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatların payına düşür. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 2,7 mlrd. ABŞ dolları ekvivalentində olub.

Bunun 2,1 mlrd. dollarını və ya 77,8%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

Dövr ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların təşkili davam etdirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər