Bakı Fond Birjası Beynəlxalq Birjalar Assosiasiyasına üzvlüyünə qəbul edilib

11:15 - 10.09.2019


10 sentyabr, Fineko/abc.az. Beynəlxalq Birjalar Assosiasiyasının üzvlərinin 6 sentyabr 2019-cu il tarixində Qırğızıstanda keçirilən ümumi yığıncağının qərarı ilə Bakı Fond Birjası bu assosiasiyaya üzv olaraq  qəbul edilib.

Bu barədə BFB-dən məlumat verilib.

Bildirilir ki, birjalararası əməkdaşlıq xüsusilə dual-listinq və depozitar qəbzlərinin emissiyasının həyata keçirilməsi üzrə başlıca şərtdir. Bununla belə, tətbiq edilən mövcud təcrübələrin və ticarət üsullarının optimalaşdırılması üzrə birjalararası təcrübə mübadiləsinin aparılması yerli bazarların təkmilləşdirilməsi üçün labüd addım hesab edilir.

Qeyd edək ki, 2000-ci ildə Rusiyada yaradılmış Beynəlxalq Birjalar Assosiasiyasının əsas məqsədi kapital bazarları üzrə beynəlxalq standartların araşdırılması, təcrübələrin qarşılıqlı tətbiq edilməsi və birjalararası ümümi əməkdaşlığın genişləndirilməsidir. Assosiasiyada üç birja növü – valyuta, səhm və əmtəə birjaları üzrə daimi işçi qrupu mövcuddur.

 

Bütün xəbərlər