Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişilir

11:56 - 11.09.2019


11 sentyabr, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

Qeyd olunur ki, sentyabrın 14-dən  iş günlərinin gur saatlarında "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. Onu da əlavə edək ki, Bakı metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.

Yeni qrafik 2020-ci ilin yay aylarına qədər qüvvədə olacaq.

 

Bütün xəbərlər