Dövlət borcunun və zəmanətlərin hesabatlığının təkmilləşdirilməsinə dair sənəd imzalanıb

11.09.2019,17:26


11 sentyabr, Fineko/abc.az. Prezidentin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” ilə müəyyən edilmiş tapşırığın icrası məqsədilə Maliyyə Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) arasında Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi (DMFAS) Proqramının satın alınması və tətbiqi barədə layihə sənədi imzalanıb.

Nazirlikdən verilən məlumata görə, icra müddəti 36 ay olan layihə Asiya İnkişaf Bankı (ADB) və İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi (qrant şəklində) ilə həyata keçiriləcək. Layihə çərçivəsində proqram təminatının Maliyyə Nazirliyinin daimi istifadəsinə verilməsi və qurumun əməkdaşlarına müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur. Layihə həmçinin dövlət borcunun və zəmanətlərin hesabatlığının təkmilləşdirilməsini hədəfləyir.

UNCTAD-ın Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi - DMFAS Proqramının əsas məqsədi davamlı iqtisadi inkişaf, idarəetmənin təkmilləşdirilməsi və yoxsulluğun azaldılması məqsədilə dövlət borclarının daha səmərəli şəkildə idarə edilməsini təmin etməkdir.

Qeyd edək ki, hazırda DMFAS proqramı 60-dək ölkənin maliyyə nazirliklərinə və mərkəzi banklarına istehsal qabiliyyətlərinin artırılması istiqamətində borc məlumatlarının etibarlı şəkildə idarə edilməsinə dəstək verir.