330x110
 

SOCAR AQŞ “Günəşli”də daha bir quyu tikintisini başa çatdırıb

12.09.2019,10:17


12 sentyabr, Fineko/abc.az. SOCAR AQŞ 11 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 3485 metr olan 346 nömrəli quyunun tikinti işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Müəssisədən verilən xəbərə görə, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

SOCAR AQŞ inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda SOCAR AQŞ dayazsulu “Günəşli” yatağındakı 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və “Bulla” yatağında 6 saylı dəniz stasionar özüllərində (DSÖ) qazma işləri aparır.

 

© Azertag.az