330x110
 

Bankların birləşməsi məqsədəuyğun prosesdir – Ekspert

13.09.2019,15:05


13 sentyabr, Fineko/abc.az. Banklarda problemli kreditlər həm də kredit faizlərinin yüksək olması səbəbindən yaranmışdı. Azərbaycanda kommersiya banklarının təklif etdikləri kredit faizləri heç vaxt bir rəqəmli səviyyədə olmayıb. Bir çox hallarda nəinki 10%-dən yuxarı, 20-25%-in üstündə olub və olmaq da davam edir.

Bunu Abc.az-a Azərbaycanda bank sektorunun sağlamlaşıdırılması və kiçik bankların birləşmə ehtimalına münasibət bildirərkən iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, borc vəsaitlərinin geri ödənişində çətinliklər daim var idi və iqtisadi vəziyyət pisləşən kimi bunlar daha da ağırlaşdı: “Böhranlı dövrdə sayca 11 bank getdi, yəni bağlandı. Beynəlxalq Bank da bağlanacaqdı, dövlət və hökümət imkan vermədi, - xarici maliyyə qurumları qarşısındakı borc öhdəlikləri qarşılandı və sair. Sual edirəm, sözügedən dönəmdə hansısa bankların birləşməsini gördükmü? Yox. Bu, baş vermədi, çünki bizdə bu "mədəniyyət" mövcud deyil. Bankların birləşməsi əslində, bağlanmadan sərfəli və məqsədəuyğun prosesdir, tendensiyadır. Bu, məsuliyyətin bölüşdürüməsi və etimad məsələsidir. Təəssüf ki, bu kimi elementlər bizdə bank sisteminin vəziyyəti ən ağır halda olduğu vaxt belə özünü göstərməyib və real olaraq isə hesab edirəm ki, ümumiyyətlə göstərə bilməz. Odur ki, bank sektorunun indiki vəziyyətini nisbətən qənaətbəxş, yəni ki, "süni nəfəs aparatından" ayrılmış kimi hesab etsək, birləşmə hadisəsinin ola biləcəyini gözləmirəm. Halbuki, buna ehtiyacı olan banklarımızın sayı çoxdur”.

Müəllif: Elmir Murad