330x110
 

Ödənişlərin həyata keçirilməsi qısamüddətli proses deyil - “AZSIĞORTA” iddialara cavab verdi

16.09.2019,11:13


13 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “AZSIĞORTA” şirkəti ilə bağlı bir müddətdir ki, xeyli narazılıqlar mövcuddur. Belə ki, zaman-zaman bəzi müştərilər iddia edir ki, şirkət onlara dəymiş maddi zərəri ya bəhanəllə gec ödəyir, ya da pulu verməkdən boyun qaçırır. Bütün bu iddialara aydınlıq gətirmək üçün bir neçə sualdan ibarət sorğumuzu şirkətə ünvanladıq.

Abc.az şirkətin cavablarını sizə təqdim edir.

- Bir müddətdir “AZSIĞORTA” şirkətinin müştərilərə ödənişi vaxtında ödəmədiyi, bir çox hallarda gecikdirdiyi ilə bağlı iddialar var. İddialara görə, belə hallar ya şirkətdə işini düzgün qurmaması, ya da maliyə probleminin yaşanması ilə əlaqəlidir. İddialar nə qədər  düzdür?

- “AZSIĞORTA” şirkəti fəaliyyətini hər zaman qanun çərçivəsində və sistemli şəkildə qurub. Məhz buna görə təsadüfi deyil ki, şirkətimiz Vergilər Nazirliyinin Şəffaf Partnyoru statusunu almışdır. Bütün ödənişlər müəyyən prosedurlardan keçir və xüsusi sənədlərlə təsdiqləndikdən sonra həyata keçirilir, bu heç də asan və qısamüddətli proses deyil.

- AZSIĞORTA ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev məhkəməyə verilib. Onun məhkəməyə verilməsi nə ilə əlaqəlidir və iş nə yerdədir?

- Məhkəməyə verilən AZSIĞORTA şirkətidir. Səbəb isə cari ilin mart ayının 19-da İmişli rayon ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsidir. Hadisə zamanı şirkətdə sığortalanmış avtomobil zədələnib. 2019-cu ilin iyun ayında AZSIĞORTA şirkətinin sorğusuna cavab olaraq müvafiq dövlət orqanı tərəfindən sənədlər daxil olub.

Qiymətləndirmə üzrə ekspert tərəfindən aparılan yoxlama sonunda hesablanmış zərərin məbləği zərərçəkənə bildirilib. Zərərçəkən bu zərərin az olmasını iddia edərək təqdim edilən məbləğ ilə razılaşmayıb. Sığorta qanunvericiliyinə əsasən zərərçəkənə nəqliyyat vasitəsinin “AZSIĞORTA” ASC tərəfindən təmir edilməsi təklif olunduqda isə avtomobilin artıq təmir edildiyi  bildirilib. Qeyd edək ki, AR Mülki Məcəlləsinin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Zərərçəkənə qanunvericiliyin müddəaları bildirilmiş, lakin Bu qiymətləndirməni aparan “United Enterprises Azerbaijan” MMC həmin reyestrə daxil edilməmiş, həmçinin şirkət ilə “AZSIĞORTA” ASC arasında bu növ xidmətlərin göstərilməsi haqqında müqavilə mövcud deyil. bu vəziyyətdən narazı qalan zərərçəkən məhkəməyə müraciət edib.

- AZSIĞORTA şirkətinin nə qədər fililalı, nə qədər işçisi var?

- “AZSIĞORTA” şirkəti paytaxda Baş ofisdən başqa bir neçə ofis ilə,  ölkəmizin regionlarında isə 7 filial və 2 nümayəndəlik ilə  təmsil olunur.

- Şirkətinizə zənglər zamanı bəzi hallarda işçilərin müştərilərlə danışmaqdan boyun qaçırdıqları, bir çox hallarda isə cavab verilmədiyi iddia olunur. İşçilərin işə götürülmə prosesini hansı meyarlara əsasən həyata keçirirsiz?

AZSIĞORTA şirkətində müasir tələblərə cavab verən call centre – çağrı mərkəzi fəaliyyət göstərir. Hər bir zəng müşayiət olunur və cavabsız zənglər barədə aidiyyəti struktur rəhbərlərinə məlumat verilir və cavablandırılması tələb olunur. İşə götürülmə prosesinə gəldikdə isə hər vəzifəyə uyğun tələblər müəyyən edilib ki, həmin tələblərə cavab verən namizədlər bir neçə mərhələdən ibarət seçim keçdikdən sonra uyğun vəzifəyə təyin olunurlar.

Müəllif: Elmir Murad