330x110
 

Problemli kreditlər həmişə olacaq - Ekspert - Özəl

16.09.2019,11:21


16 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası bir müddət əvvəl Azərbaycanda bank sektorunun vəziyyəti ilə bağlı hesabatını açıqlayıb. Hesabatda vətəndaşların banklardan götürdüyü kreditlərin yenidən geri qaytarılmasında gecikmələrin olduğu görsənir. Gecikmələr isə təbii ki, sonradan yenidən problemli kreditlərin formalaşmasına gətirib çıxaran amillərdəndir.

Sözügedən məsələyə münasibət bildirən iqtisadçı-eskpert Pərviz Heydərov Abc.az saytına bildirdi ki, hazırda problemli kreditlər mövzusu yenə qalmaqdadır.

Problemli kreditlərin yaranma səbəbin ölkədə bank sektorundakı vəziyyətin qənaətbəxş olmaması ilə əlaqələndirən ekspert hesab edir ki, əvvəl də durum pis idi, sadəcə olaraq, əyani görünmürdü: “Normal iqtisadiyyatı olan ölkələrdə devalvasiya adi prosesdir və mərhələlərlə daimi olaraq baş verir. Məsələ bundadır ki, bizdə neftə görə, o cümlədən, valyuta bazarımız sərbəst tənzimlənmədiyindən, uzun müddət idi, bu, baş vermirdi. Ancaq bu, o demək deyildi ki, heç vaxt baş verməyəcək. Əslində, banklar özləri vaxtilə riskə gedirdilər. Yəni, istənilən halda devalvasiya baş verə biləcəyini nəzərə almayaraq, dollar ilə kredit vəsaitlərini necə gəldi paylayırdılar. Sonda da əziyyəti dövlət çəkməli oldu. Problemli kreditlərin artan dinamika üzrə inkişaf etməsində dollarla verilən kreditlər hələ devalvasiyalardan qabaq mühüm rol oynayırdı. Lakin, manatın məzənnəsinin 0,78 qəpikdən 1,70 azn-ə qədər dəyişməsi vəziyyəti lap qəlizləşdirdi. Banklar qazanclarını nə qədər ki, istehlak kreditləşdirilməsi üzərində quracaqlar, problemli kredit məsələsi həmişə mövcud olacaq. Başqa sözlə desəm, bank sektoru ilə iqtisadiyyatın real sektoru arasında birbaşa əlaqə yaranmayınca, bu sahədə qarşılıqlı fəaliyyət olmayınca, banklar böhrandan çıxa bilməyəcəklər”.

Müəllif: Elmir Murad