330x110
 

Gələn il qeyri-neft sektorunun budcə gəlirlərində payı artacaq – Vüqar Bayramov

16.09.2019,14:37


16 sentyabr, Fineko/abc.az. Neft Fondundan bu il büdcəyə 11 milyard 364 milyon manat ödənilməlidir. Əslində, Maliyyə Nazirliyi fonddan transferləri artırılmasına deyil, azaldılmasına çalışmalı idi. Çünki, büdcənin neftdən və xüsusən də neftin dünya bazarından asıllığının aradan qaldırılması əsas prioritet olaraq qalır.

Abc.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov Maliyyə nazirliyinin gələn ilin dövlət büdcəsi layihəsininin xülasəsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, gələn il qeyri-neft sektorunun budcə gəlirlərində payı 2019-cu ilə nisbətən 11.3% artacaq: “Bu müsbət tendensiya olsa da belə, hökumət büdcə gəlirlərinin ən azı yarıdan çoxunun qeyri-neft sektoru hesabına formalaşmasına çalışmalıdır. Bununla yanaşı, 2020-ci ilin dövlət büdcəsinin pozitiv tərəfi sosial istiqamətlərə ayrılan birbaşa vəsaitin həcminin ümumi büdcə xərclərində son illər ilk dəfə olaraq 40 faizdən çox olmasıdır. Bu illə müqayisədə gələn il sosial xərclərə 2 milyard 664 milyon manat daha çox vəsait ayırlacaq. 6 milyard 723 milyon manat əməyin ödənilməsi, 3 milyard 213 milyon manat isə pensiya və təqaüdlər üçün xərclənəcək. Bununla yanaşı, dövlət borclarının qaytarılması üçün 2 milyard 458 milyon manat vəsait ayrılacaq ki, bunun da 775 milyon manatını yalnız faiz ödənişləri təşkil edəcək. Əslində, bu rəqəm xarici borclanmanın minimumlaşdırmağın vacibliyini bir daha təsdiq edir. Maliyyə Nazirliyi gələn il manatın dollara məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırır. Bununla belə, manatın kursunun 2020-ci ildə necə dəyişməsi daha çox neftin dünya bazar qiymətindən və qeyri-neft xarici ticarət tərəfdaşlarımızda və xüsusən də Rusiyada milli valyutaların məzənnəsindən birbaşa asılı olacaq”.

Müəllif: Elmir Murad