Qızılın bahalaşıb-ucuzlaşmasının səbəbi bilindi – Ekspert açıqlayır

14:48 - 17.09.2019


17 sentyabr, Fineko/abc.az. Son zamanlar dünya birjalarında satılan qızılın qiymətinin kəskin bahalaşması və anidən ucuzlaşması ekspertləri belə çaşdırıb. Belə ki, ötən gün 13 dollara yaxın bahalaşan qızıl bu gün 7 dollar ucuzlaşıb.

Qızılın qiymətinin tez-tez bahalaşması və anidən ucuzlaşmasının səbəblərini öyrənmək üçün iqtisadçı-ekspert Pərviz Heydərova müraciət etdik. Məsələyə münasibət bildirən ekspert ABC.AZ saytına açıqlamasında bildirdi ki, qızıl yatırım vasitəsidir, investorlar üçün sərbəst vəsaitlərini saxlamaq üçün ən gözəl və əlverişli istinad obyektidir.

Onun sözlərinə görə, ümumiyyətlə, qızıl, neft və ABŞ dolları arasında bir əlaqə mövcuddur, hansı ki, bu, dünya iqtisadiyyatında real vəziyyəti müəyyən etməyə imkan verir: “Belə ki, birjalarda təlatüm ortaya çıxdıqda, investorlarda bir qeyri-müəyyənlik yarandıqda, ABŞ valyutası dünyanın digər aparıcı valyutalarına münasibətdə kəskin şəkildə ucuzlaşdıqda qızılın həmişə bahalaşdığının şahidi oluruq. Qızılın qiyməti ilə bağlı son dəyişikliklərə və sıçrayış xarakterli ziddiyyətlə qalxıb-düşmələrə gəldikdə isə, bu, bilavasitə dünya iqtisadiyyatında, bazarlarında, birjalarında, xüsusən də strateji xammalların satış qiymətlərində son vaxtlar baş verən məqamlarla əlaqədardır. Yəni istər ABŞ-Çin münasibətlərini, istər neft bazarındakı prosesləri, istərsə də bayaq qeyd etdiyimə uyğun olaraq dünyanın aparıcı milli valyutalarının dəyərləri ilə bağlı mərkəzi bankların apardıqları, həyata keçirdikləri müvafiq siyasətləri bura aid etmək mümkündür. Qısaca desəm, hər hansı bir qeyri-müəyyənlik ortaya çıxdıqda aparıcı səhmdarların və o cümlədən iri iqtisadiyyata malik ölkələrin öz ehtiyatlarının strukturunda dərhal qızıl həcmini artırmaqları təbii qarşılanmalıdır”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər