Beynəlxalq Bank bağlanacaqdı hökümət imkan vermədi – Ekspert

09:32 - 19.09.2019


19 sentyabr, Fineko/abc.az. İqtisadçı-ekspert Pərviz Heydərov Azərbaycanın bank sektorunun vəziyyəti, problemli kreditlər və bir sıra digər məsələlər barədə ABC.AZ saytına müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik.

- Bir neçə il əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun sağlamlaşdırılması istiqamətində bir sıra tədbirlərin zəruri olduğunu qeyd etmişdi. Onlardan biri də bəzi bankların birləşdirilməsi ilə bağlı idi. Necə düşünürsüz yaxın zamanlarda hansısa bankların birləşmə ehtimalı var?

- Hazırda bank sektoru 2014-2016-cı illərdə düşdüyü kəskin böhrandan və tənəzzül vəziyyətindən çıxmış halda görünür. Bəli, bank sektorunun ən böyük dərdi problemli kreditlər məsələsi idi ki, dövlət buna müdaxilə etdi. Prezident tərəfindən xalqa hədiyyə olan addımla çox mürəkkəb bir məsələ həllini tapdı. Halbuki, dövlət başçısının da qeyd etdiyi kimi, bu, sadə məsələ deyildi. Dövlət çoxdan tələb olunan məbləğdə vəsaiti ayıraraq, problemi həll edə bilərdi. Sadəcə, ortada iqtisadiyyatın öz qanunları və məsuliyyət, cavabdehlik məsələləri var idi. Problemli kreditlərin məbləği bir ara bütövlükdə az qala 2 milyard manata çatırdı. Bu, hansı səbəblərdən yaranmışdı?. Dərhal qeyd oluna bilər ki, 2015-ci ildə baş verən devalvasiyalar səbəbindən. Xeyr. Ölkənin bank sektorunda bundan əvvəl də vəziyyət pis idi, sadəcə olaraq, əyani görünmürdü. Ona görə ki, ölkəyə güclü valyuta axını mövcud idi, banklarda maliyyə sarıdan heç bir qıtlıq yox idi. Neftin dünya bazar qiymətlərinin düşməsi "yaranın üstünü" açdı. Sözsüz ki, bankların problemləri həm də kredit faizlərinin yüksək olması səbəbindən yaranmışdı. Azərbaycanda kommersiya banklarının təklif etdikləri kredit faizləri heç vaxt birrəqəmli səviyyədə olmayıb. Bir çox hallarda nəinki 10%-dən yuxarı, 20-25%-in üstündə olub və olmaq da davam edir. Ona görə də, borc vəsaitlərinin geri ödənişində çətinliklər daim var idi və iqtisadi vəziyyət pisləşən kimi bunlar daha da ağırlaşdı. Böhranlı dövrdə sayca 11 bank getdi, yəni bağlandı. Beynəlxalq Bank da bağlanacaqdı, dövlət və hökümət imkan vermədi, - xarici maliyyə qurumları qarşısındakı borc öhdəlikləri qarşılandı və sair. Sual edirəm, sözügedən dönəmdə hansısa bankların birləşməsini gördükmü? Yox. Bu, baş vermədi, çünki bizdə bu "mədəniyyət" mövcud deyil. Bankların birləşməsi əslində, bağlanmadan sərfəli və məqsədəuyğun prosesdir, tendensiyadır. Bu, məsuliyyətin bölüşdürüməsi və etimad məsələsidir. Təəssüf ki, bu kimi elementlər bizdə bank sisteminin vəziyyəti ən ağır halda olduğu vaxt belə özünü göstərməyib və real olaraq isə hesab edirəm ki, ümumiyyətlə göstərə bilməz. Odur ki, bank sektorunun indiki vəziyyətini nisbətən qənaətbəxş, yəni ki, "süni nəfəs aparatından" ayrılmış kimi hesab etsək, birləşmə hadisəsinin ola biləcəyini gözləmirəm. Halbuki, buna ehtiyacı olan banklarımızın sayı çoxdur.

- Azərbaycanda 30 bank fəaliyyət göstərir. Necə düşünürsüz Azərbaycanda bu sektorun inkişaf etdirilməsi üçün yeni bankların Azərbaycana girməsinə ehtiyac varmı?

- Ölkədə bankların sayını bazar müəyyən etməlidir. Bu, iqtisadiyyatın tələbinə əsasən özünü göstərməlidir. Yuxarıda qeyd etdim ki, böhranlı dövrdə sayca 11 bank getdi, yəni bağlandı. İndiki bankların sırasında da bağlanmağa yaxın vəziyyəti olan bankların sayı çoxdur. Sadəcə olaraq, bu sərfəli deyil. Bu və ya digərinin bağlanması maliyyə sistemimiz üçün ağır başa gəlir. İndiyədək bağlanan, yəni sıradan çıxmış banklarımızın problemləri özü heç tam həll olunmamış qalır. Odur ki, hazırda banklarımıza dövlət dəstəyi tələb olunur. Bu və ya digər bankın yaranmasına ehtiyac görünməsə də, mövcud olanlardan hər hansı birinin bağlanmasına yol verilməməlidir. Ümumiyyətlə, normal bank fəaliyyəti olan yerdə hər hansı bir yeni qurumun gəlişinə və yaranmasına müsbət yanaşılmalıdır. Ancaq, bu, bizdə hələ yoxdu. Dövlət başçısı problemli kreditlər məsələsini həll etməklə bankların vəziyyətini nisbətən dirçəltdi, amma gördüyümüz isə yenə budur ki, sözügedən qurumlar əvvəlkitək daha çox istehlak kreditləşdirməsi mexanizmindən qazanmaq istəyirlər və gəlir əldə etməkdə 2014-cü ilədək olan dövrdə olduğu kimi cari siyasət yürüdürlər. Bu da o deməkdir ki, köhnə səhvlər təkrar edilir. Belə vəziyyətdə sistemə hər hansı yeni kredit qurumunun gəlişi bizə heç nə verməyəcək.

- Bildiyiniz kimi götürülən kreditlərin banklara qaytarılmasında yenə gecikmələr var. Necə düşünürsünüz bu hal yenidən ölkədə problemli kredit bumu yarada bilərmi?

- Hazırda problemli kreditlər məsələsi yenə qalmaqdadır. Əvvəl, daha çox idi. Bayaq qeyd etdim ki, problemli kreditlərin məbləği bir ara bütövlükdə az qala 2 milyard manata çatırdı və bu, hansı səbəblərdən yaranmışdı. 2015-ci ildə baş verən devalvasiyalar səbəbindən? Xeyr. Ölkənin bank sektorunda bundan əvvəl də vəziyyət pis idi, sadəcə olaraq, əyani görünmürdü. Normal iqtisadiyyatı olan ölkələrdə devalvasiya adi prosesdir və mərhələlərlə daimi olaraq baş verir. Məsələ bundadır ki, bizdə neftə görə, o cümlədən, valyuta bazarımız sərbəst tənzimlənmədiyindən, uzun müddət idi, bu, baş vermirdi. Ancaq bu, o demək deyildi ki, heç vaxt baş verməyəcək. Əslində, banklar özləri vaxtilə riskə gedirdilər. Yəni, istənilən halda devalvasiya baş verə biləcəyini nəzərə almayaraq, dollar ilə kredit vəsaitlərini necə gəldi paylayırdılar. Sonda da əziyyəti dövlət çəkməli oldu. Problemli kreditlərin artan dinamika üzrə inkişaf etməsində dollarla verilən kreditlər hələ devalvasiyalardan qabaq mühüm rol oynayırdı. Lakin, manatın məzənnəsinin 0,78 qəpikdən 1,70 azn-ə qədər dəyişməsi vəziyyəti lap, qəlizləşdirdi. Sualınıza cavab olaraq, qısa olaraq bildirirəm ki, banklar qazabclarını nə qədər ki, istehlak kreditləşdirilməsi üzərində quracaqlar, problemli kredit məsələsi həmişə mövcud olacaq. Başqa sözlə desəm, bank sektoru ilə iqtisadiyyatın real sektoru arasında birbaşa əlaqə yaranmayınca, bu sahədə qarşılıqlı fəaliyyət olmayınca, banklar böhrandan çıxa bilməyəcəklər. Ona görə də, köhnə problemlərin tam həll olunduğundan danışmaq hələ tezdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər