Palatadan “Atəşgah” sığorta ilə bağlı Açıqlama

12:52 - 20.09.2019


20 sentyabr, Fineko/abc.az. Dünən Aydın Saleh oğlu Quliyev “Atəşgah” sığorta şirkətinin ona ödəməli olduğu vəsaiti verməkdən boyun qaçırdığı barədə xəbər vermişdik. Yazıda bu il iyulun 30-da “Atəşgah” şirkətində sığorta olunan “Mercedes” markalı 90-ET-110 dövlət qeydiyyat nömrəli avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində A.Quliyevin idarə etdiyi “Mercedes” markalı 20-DN-520 nömrə nişanlı maşınla toqquşduğu adıçəkilən sığorta şirkətinin isə vətəndaşa dəymiş ziyana görə, əvvəlcə 2500 manat məbləğində vəsait ödəyəcəyini bildirməsi, daha sonra isə zərərçəkmişin maşına çəkilən xərcin artdığı barədə yenidən sığorta şirkətinə müraciət etməsi qeyd olunmuşdu. Buna baxmayaraq zərəçəkmişə dəymiş ziyana görə, vəsait verilmədiyindən A.Quliyev məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ünvanlamışdı.

Sözügedən şikayətlə bağlı Palatadan ABC.AZ saytına cavab verilib.

Palatanın cavabında qeyd olunur ki, vətəndaşın müraciəti 28.08.2019-cu il tarixli 191311653 sayla qeydiyyata alınıb. Vətəndaşın müraciəti “Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən onun avtomobilinə dəymiş zərərin düzgün qiymətləndirilməməsi barədə olduğu üçün müraciətlə əlaqədar sığortaçıya və bir surəti də vətəndaşa göndərilən 30.08.2019-cu il tarixli 1920215162 saylı məktubda dəymiş zərərlə bağlı əldə olunmuş razılığın göndərilməsi, razılıq əldə olunmadığı halda isə dəymiş zərərin müstəqil ekspert vasitəsilə qiymətləndirilməsi sığortaçıdan tələb edilib.

Sığortaçı tərəfindən təqdim edilmiş vətəndaşın 19.08.2019-cu il tarixli razılıq ərizəsinə əsasən “Mercedes Benz” markalı 20 DN 520 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 2500 AZN məbləğlə razı olduğu və gələcəkdə yaranacaq xərcləri öz üzərinə götürdüyünü, eyni zamanda bu hadisə ilə bağlı iddia və tələbinin olmayacağını bildirib.

Sığortaçı tərəfindən təqdim edilmiş 8469 saylı 30.08.2019-cu il tarixli ödəniş tapşırığına əsasən vətəndaşa 2500 AZN məbləğində sığorta ödənişi həyata keçirilib.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər