Azərbaycan Kredit Bürosundan Yenilik

17:18 - 26.09.2019


26 sentyabr, Fineko/abc.az. Azərbaycan Kredit Bürosunda (AKB) yeni skorinq xidmətinin hazırlanmasına başlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Bürodan bildirilib.

Məlumatda qeyd olunub ki, yeni skorinq modelinin hazırlanması Türkiyənin “Kredi Kayıt Bürosu”nun (KKB) komandası tərəfindən Kredit Bürosu ilə birgə həyata keçirilir. Bununla bağlı adıçəkilən təşkilatla avqustun 1-də müqavilə imzalanıb. KKB-nin mütəxəssislərindən ibarət komanda heyəti sentyabrdan AKB-də müvafiq işlərə başlayıb.

Yeni xidmət AKB-də kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalan davranışlarının öyrənilməsini, əldə edilən nəticələr əsasında fərdi reytinqlər üzrə modelin hazırlanması və tətbiqini nəzərdə tutur. Həyata keçirilən layihə kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsi, əməliyyat xərclərinə qənaət edilməsi, kredit risklərinin azaldılması, habelə borcalanların maliyyə intizamının möhkəmləndirilməsinə xidmət edəcək.

Layihə planına əsasən müvafiq xidmət 2020-ci ilin aprelindən istifadəyə veriləcək. Bu xidmətdən AKB-yə üzv təşkilatlarla yanaşı, kredit tarixçəsi subyektləri də istifadə edə biləcəklər.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər