Türkiyə bu il 5,31 milyard kubmetr Azərbaycan təbii qaz alıb

14:24 - 1.10.2019


1 oktyabr, Fineko/abc.az. İyul ayında Türkiyə Azərbaycandan 900 milyon kubmetrədək təbii qaz idxal edib.

Xəbər verilir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, iyulda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi iyunla müqayisədə 250 milyon kubmetrədək artıb. Azərbaycan iyulda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1,1 milyard kubmetr) sonra ikinci olub.

Bu ilin yanvarında Türkiyə 808,3 milyon kubmetr, fevralda 683,2 milyon kubmetr, martda 772,4 milyon kubmetr, apreldə 724,8 milyon kubmetr, mayda 770 milyon kubmetr, iyunda 650,6 milyon kubmetr, iyulda isə 899,9 milyon kubmetr Azərbaycan qazı alıb. Yeddi ayda qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 5 milyard 310 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, keçən il Türkiyəyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz ixrac olunub.

 

© Azertag.az

 

Bütün xəbərlər