330x110
 

Nazir: Gürcüstan, Türkiyə və Azərbaycan arasında gömrük sahəsində üçtərəfli əməkdaşlıq olduqca vacibdir

01.10.2019,15:10


1 oktyabr, Fineko/abc.az. Gürcüstan, Türkiyə və Azərbaycan arasında gömrük sahəsində üçtərəfli əməkdaşlıq olduqca vacibdir. Biz bu istiqamətdə müəyyən işlər görməliyik. Gürcüstan artıq təkliflər paketi hazırlayıb.

Bunu Gürcüstanın Maliyyə naziri İvane Maçavariani söyləyib.

Nazir deyib ki, ölkələrimiz arasında üçtərəfli əməkdaşlığa, ilk növbədə, elektron qaydada məlumat mübadiləsindən başlanılmalıdır. Bu ən vacib məsələlərdən biridir. Bundan sonra nəqliyyat sənədlərinin uyğunlaşdırılması, logistik mərkəzlərin birgə rəqəmsal məlumat bazasının yaradılması lazımdır.

“Düşünürəm ki, bu məsələlərin həlli, gömrük prosedurlarının sadələşdirilməsinə gətirib çıxaracaq”, – deyə İ.Maçevariani vurğulayıb.

Nazir bildirib: “Gömrük sahəsində məhsuldar beynəlxalq və regional əməkdaşlıq ölkələrin iqtisadi rifahı, regional iqtisadi inteqrasiya və tranzit potensialının artırılması üçün mühüm əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, Gürcüstanın uğurlu beynəlxalq əməkdaşlığı nəticəsində qonşu ölkələrlə elektron informasiya mübadiləsi həyata keçirilir. Bu gömrük nəzarətinin effektivliyinin artırılması, sərhəd vasitəsilə yüklərin və nəqliyyat vasitələrinin hərəkətinin sadələşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Nazir qeyd edib ki, bu barədə Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində yenilənmiş infrastrukturun rəsmi açılış mərasimində qarşı tərəflə bu barədə söhbət edib. Yaxın vaxtlarda isə Azərbaycan tərəfi ilə də məsələ ilə bağlı fikir mübadiləsi aparılacaq.

 

© Azertag.az