330x110
 

“AzerGold” QSC-nin geoloji tədqiqat işləri müsbət nəticələr verməkdədir

02.10.2019,15:10


2 oktyabr, Fineko/abc.az. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni yataqların kəşfiyyatı və istehsalat sahələrinin genişləndirilməsi istiqamətində apardığı geoloji tədqiqat işləri öz müsbət nəticələrini verməkdədir. 

Belə ki, 2018-ci ildə QSC-nin geoloqları tərəfindən hazırda fəaliyyət göstərən Çovdar qızıl mədəninin yaxınlığında aşkar edilmiş qızıl təzahürlü Ağyoxuş sahəsi, həmçinin Göygöl rayonunun cənubunda yerləşən Tülallar kəşfiyyat sahəsinin resurslarının ilkin hesablanması və səmərəliliyinin qiymətləndirilməsi məqsədilə cəlb edilən beynəlxalq nüfuzlu “Micon International” məsləhətçi şirkəti tərəfindən adıçəkilən sahələrin  qızıl ehtiyatlarının potensialı 600 min unsiya qiymətləndirilir.  

Sahələr üzrə ehtiyatların qiymətləndirilməsi məqsədilə “AzerGold” QSC tərəfindən ötən ildən etibarən intensiv geoloji kəşfiyyat işləri həyata keçirilməkdədir. Ümumilikdə, bu kəşfiyyat sahələri üzrə buruq-qazma işləri çərçivəsində ümumi dərinliyi 22 min metrdən çox olan 180 quyu qazılmışdır. Götürülmüş filiz nümunələri beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalara geokimyəvi analiz testləri üçün göndərilmişdir. Əldə olunan ilkin nəticələr əsasında məsləhətçi şirkət tərəfindən ilkin ehtiyatlar hesablanmış və yerin təkində proqnozlaşdırılan ehtiyatların potensialı Tülallar sahəsi üzrə 500 min unsiya, Ağyoxuş sahəsi üzrə isə 100 min unsiya qiymətləndirilmişdir. Bu sahələrin istismarından yüz milyonlarla ABŞ dolları məbləğində gəlirin əldə olunması gözlənilir. 

Hal-hazırda qeyd edilən kəşfiyyat sahələrinin qısa müddətdə hasilata verilməsi üçün resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, mədən layihələndirilməsi, metallurji və laborator tədqiqatlar və digər zəruri tədbirlər icra edilməkdədir.

Sözügedən ərazilərin Çovdar yatağı yaxınlığında yerləşməsi hasilat zamanı Çovdar qızıl mədəninin texniki resurslarından istifadə etməyə imkan verəcək ki, bu da layihənin iqtisadi səmərəliliyini daha da artıracaqdır. Cəmiyyət tərəfindən yeni layihələrin icrası iqtisadi mənfəətlərlə yanaşı, regionların inkişafı və yeni iş yerlərinin açılmasına da töhfə verəcəkdir.      

 

Açar sözlər: AzerGold