Soçidə Azərbaycan və Rusiya prezidentləri görüşüb

15:58 - 3.10.2019


3 oktyabr, Fineko/abc.az. Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Qonaqları salamlayan Rusiya Prezidenti ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini, ticari-iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd edib.

“Keçən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub. Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Biz də öz tərəfimizdən, bu konkret, mənim fikrimcə iri layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik. Bunun üzərində hökumətlərarası komissiya işləyir və zənnimcə, kifayət qədər inamla işləyir.

Başqa istiqamətlər üzrə münasibətlərimizin vəziyyəti barədə də fikir mübadiləsinə ehtiyac var. Ümidvaram ki, bu gün biz bütün bunlara nail olacağıq. Ümid edirəm ki, Siz bu maraqlı ümumi diskussiyada iştirak edəcəksiniz.” –deyə V.Putin bildrib.

Prezident İlham Əliyev dəvətə görə Rusiya Prezidentinə təşəkkürünü bildirib.

Ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd edən İlham Əliyev keçən il və bu il əmtəə dövriyyəsi artdığını qeyd edib.

“Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz “Yol xəritələri”nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.

Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Biz bu münasibətləri çox qiymətləndiririk. Əminəm ki, bugünkü diskussiya əlaqələrimizin gələcək inkişafına yaxşı töhfə olacaq”- deyə İlham Əliyev bildirib.

Bütün xəbərlər