Pərviz Şahbazov “Rusiya Enerji Həftəsi 2019” Beynəlxalq Forumunda iştirak edir

16:26 - 3.10.2019


3 oktyabr, Fineko/abc.az. Moskvada “Rusiya Enerji Həftəsi 2019” Beynəlxalq Forumu öz işinə başlayıb. Azərbaycanı tədbirdə Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Nazir müsahibəsində qeyd edib ki, Azərbaycan neft-qaz sahəsində aparılan beynəlxalq məsləhətləşmələrin, o cümlədən “OPEC plus” formatında görüşlərin fəal iştirakçısı kimi enerji həftəsi çərçivəsində neft-qaz sektorunda aktual problemlərə həsr olunmuş müzakirələrə qatılıb: “Azərbaycan son illər böyük layihələr ilə Avropanın enerji təminatına və təhlükəsizliyinə öz töhfəsini verir. Biz tədbirdə neft-qaz ixracı ətrafında aparılan müzakirələrdə iştirak edirik. Bundan əlavə, enerji transformasiyası, bərpaolunan enerji mənbələrinin tətbiqi və potensialı diqqət mərkəzindədir. Azərbaycanda da bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev ölkənin energetika sektorunda islahatların sürətləndirilməsi haqqında Sərəncam imzalayıb. Bu sahədə qanun layihəsi hazırlanıb və onun ilin sonunadək qəbul olunacağı gözlənilir”.

P.Şahbazov vurğulayıb ki, bir çox şirkətlə bu sahədə əməkdaşlıq memorandumları imzalanıb və onların tədbirdə təmsil olunan nümayəndələri ilə məsləhətləşmələr davam etdirilir.

Qeyd edək ki, Azərbaycanın Energetika naziri forum çərçivəsində bir sıra ölkələrin energetika nazirləri, nüfuzlu beynəlxalq təşkilatlar və şirkətlərin rəhbərləri, o cümlədən OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji sahəsində qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

© Azertag.az

Bütün xəbərlər