Bu günə qədər 41 mln. manatdan çox sahibkarlıq kreditləri verilib - STATİSTİKA

15:32 - 4.10.2019


4 oktyabr, Fineko/abc.az. Ötən ilin sonlarından İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kredit zəmanət mexanizminin və faiz subsidiyalarının verilməsinin tətbiqinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Fondun yaydığı məlumatda qeyd olunub.

Belə ki, sözügedən dövrdə fondun dəstəyi ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 41 milyon 759 min manat məbləğində sahibkarlıq kreditlərinin verilməsinə nail olunub. Həmin dövrdə fond tərəfindən mövcud problemlərin öyrənilməsi və kredit zəmanət mexanizminin təkmilləşdirilməsi məqsədilə dövri olaraq müvəkkil banklarla və sahibkarlarla görüşlər keçirilib, müvafiq təhlillər aparılıb. Təhlillər kiçik və orta sahibkarlıq subyektlərinin banklara müraciət edərkən təminatla (girovla) bağlı yüksək tələblərlə rastlaşdıqlarını və nəticədə onların maliyyə mənbələrinə (kredit) çıxış imkanlarının məhdud olduğunu göstərib.

Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb. Həyata keçirilmiş dəyişikliklər nəticəsində artıq fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş, lakin təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər