330x110
 

Ekspertdən etiraz – Köhnə problemlər Qalmaqdadır

07.10.2019,12:45


7 oktyabr, Fineko/abc.az. Banklarda hesab üzrə əməliyyatlarda köhnə problemlər hələ də qalmaqdadır. Bu problemlər özünü məhdudlaşdırmalarda (hesabdan hesaba, kartda-karta və s.) ehtiyac olmadığı halda vergiyə cəlb edilmələrdə (məsələn, 1%-lik vergi) özünü göstərir.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O, qeyd edib ki, banklara şikayət edirsən səbəbkar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Vergilər Nazirliyini (o cümlədən Maliyyə Monitorinq Xidməti) göstərirlər. “Adı çəkilən qurumlardan soruşursan belə göstəriş və ya tövsiyə vermədiklərini əsas gətirərək bu halları bankların öz təşəbbüsü adlandırır” deyə ekspert vurğulayıb: “Bu halda kimin haqlı olduğu müəyyən etmək mümkün olmur, nəticədə müştərilər əziyyət çəkirlər. Ona görə də fikrimcə ictimai müzakirə (dəyirmi masa) keçirilməsi məqsədəuyğun olardı. Tədbirdə bir tərəfdə MBNP və Vergilər Nazirliyi, digər tərəfdə Azərbaycan Banklar Assosiasiyası və banklar, üçüncü tərəfdə isə Sahibkarlar Konfederasiyası və sahibkarlar, müstəqil ekspertlər iştirak etməlidir. Üçtərəfli müzakirə vasitəsilə problemləri ortaya çıxarıb mövcud problemləri aradan qaldırmaq olar”.

Ekspertin bu fikirinə Maliyyə Bazarlarına Nəzarət Palatasından cavab çox gecikməyib. Palatanın mətbuat katibi Elşən Allahverdiyev məsələyə cavabında qeyd edib ki, ekspertlərlə Palatada yaxın zamanda görüşün keçirilməsi nəzərdə tutulub.

“O ki, qaldı, qeyd etdiyiniz problemlərə, mümkündürsə bu kimi hallarda Palataya, 966 Çağrı mərkəzinə müraciət edilsin ki, dərhal məsələ tərəfimizdən araşdırılsın” deyə Palata rəsmisi bildirib.

 

Müəllif: Elmir Murad