Nazirlik vergi borcu olan iki şirkətin əmlakını siyahıya alıb

15:29 - 7.10.2019


7 oktyabr, Fineko/abc.az. Vergilər Nazirliyi vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanması və hesablanmış vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, vergi orqanları tərəfindən, "Park City" MMC-yə məxsus tikilidə 457.432,91 manat vergi borcu müqabilində 480.000 manat məbləğində əmlakı (obyekti) siyahıya alınıb.

"Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr" ASC-nin 15.482 manat yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə 25.200 manat dəyərində dəzgah və digər avadanlıqlar müvafiq qaydada siyahıya alınıb.

Bundan əlavə fiziki şəxs Hüseynov Alqayıt İlham oğlunun dövlət büdcəsinə yaranmış 18.768,96 manat borcuna görə əmlak siyahıya alınması barədə qərar çıxarılıb. Lakin nəzarət tədbiri zamanı vergi ödəyicisi tərəfindən borc məbləğinin tam şəkildə büdcəyə ödənilməsini təsdiq edən sənədlər təqdim edildiyindən, onun barəsində əmlak siyahıya alınma tədbirləri həyata keçirilməyib.

 

Bütün xəbərlər