Türkiyəyə nəql olunan Azərbaycan qazının həcmi 2,7 mlrd. kubmetrə çatıb

10:46 - 8.10.2019


8 oktyabr, Fineko/abc.az. Sentyabrın 30-dək TANAP boru kəməri ilə Türkiyəyə nəql olunan Azərbaycan təbii qazının həcmi 2,7 milyard kubmetrə çatıb.

Xəbər verilir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol oktyabrın 8-də İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

“Layihə üzrə yekun investisiya qərarı qəbul edilən zaman ümumi xərclər 11,7 milyard dollar həcmində qiymətləndirilirdi. Tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində 45 faiz qənaət olunub. Layihə 6,5 milyard dollarlıq sərmayə ilə başa gəlib”, - deyə S.Düzyol bildirib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.

TANAP bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəqli üçün hazır vəziyyətə gətirilib.

 

© Azertag.az

Bütün xəbərlər