330x110
 

Qazaxıstanda açılacaq Azərbaycan Ticarət Evində 30-dan çox şirkətin məhsulları satılacaq

09.10.2019,10:20


9 oktyabr, Fineko/abc.az. Oktyabrın sonunda Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulub. Bu ticarət evində 30-dan çox şirkətin məhsullarının satılması nəzərdə tutulur.

Bu barədə ticarət evinin baş direktoru Hüseyn Cəbrayılov deyib.

H.Cəbrayılov qeyd edib ki, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi "Made in Azerbaijan" brendinin Qazaxıstan bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərməklə Nur-Sultanda satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Baş direktor ticarət evində “Gazelli Group”, “Gilan Holding”, “Avrora”, Azərbaycan spirtli içkilər və şərabları, “Badamlı” yerli şirkətlərin müxtəlif növ məhsullarının nümayiş olunacağını bildirib. O, yerli tekstil məhsulları, tikinti məhsulları və boyaları, kimyəvi məhsullar, sənaye malları, turizm xidmətlərini təmsil edən şirkətlərinin Qazaxıstan bazarına çıxarılması üçün danışıqlarının aparıldığını deyib.

Qeyd edək ki, Qazaxıstanın daha iki şəhərində Aktau və Almatıda ticarət evlərinin açılışı olacaq.

 

© Azertag.az