Bu vaxtadək “Star” NEZ-də 4,5 milyon ton xam neft emal edilib

14:23 - 10.10.2019


10 oktyabr, Fineko/abc.az.  SOCAR-ın İzmirdəki “Star” neft emalı zavodu (NEZ) bu il sentyabrın sonlarından tam gücü ilə işləməyə başlayıb. İndiyədək zavodda 4,5 milyon ton xam neft emal olunub.

Xəbər verilir ki, bu barədə “Star” NEZ-in baş direktoru Mesut İlter oktyabrın 10-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ilin sonuna bu göstəricinin 8 milyon tona çatdırılması nəzərdə tutulur. Bazara, eyni zamanda, dizel, təyyarə yanacağı, LPG, neft koksu kimi məhsullar çıxarılır.

“Ötən aylarda “SOCAR Aviation” İstanbul aeroportunun illik 700 min tonluq təyyarə yanacağı üçün elan etdiyi tenderin qalibi olub. “Star” NEZ-də istehsal olunan təyyarə yanacağının əsas hissəsi İstanbul aeroportuna tədarük olunacaq. “Star” ın müştəriləri arasında digər hava limanlarının da yer alacağı gözlənilir. Türkiyədə təyyarə yanacağına illik tələbat 5 milyon ton civarındadır. Turizm sektorunun genişlənməsi və İstanbul Hava Limanı kimi böyük bir istehlakçının meydana çıxması ilə bu tələbatın 6-6,5 milyon tona yüksəlməsi gözlənilir. Lakin bazara “Star” NEZ-in 1,6 milyon tonluq istehsalının daxil olması sayəsində 7-8 ildən sonra Türkiyədə təyyarə yanacağı idxalına ehtiyac qalmayacağı ehtimal olunur”, - deyə M.İlter qeyd edib.

© Azertag.az

 

Bütün xəbərlər