Özəl tibb müəssisələri nazirliyi aldatmağa çalışdı – 22 KLİNİKA

15:27 - 10.10.2019


10 Oktyabr, Fineko/abc.az. Vergilər Nazirliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi sektorlarda şəffaflaşma prinsiplərinə zidd faktlar aşkarlanır. Ötən il özəl tibb müəssisələrində aparılan nəzarət tədbirləri zamanı vergidən yayınma halları, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, əmək müqavilələrinin bağlanmasında uyğunsuzluq, müəssisələrin real dövriyyələrinin gizlədilməsi qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə sözügedən nazirliyin yaydığı hesabat tipli məlumatda qeyd olunub.

Belə ki, yoxlamalar nəticəsində ötən ilin 9 ayı ərzində ölkədəki 22 özəl klinika tərəfindən dövriyyələrin 3,2 dəfə və ya təxminən 231 milyon manat azaldıldığı müəyyən edilib. 2019-cu ilin ilk 6 ayında dövlət sektorunda fəaliyyət göstərən dövlət tibb müəssisələrinin büdcəyə hesablamalarının bəyan edilmiş dövriyyələrdə xüsusi çəkisi 27,1 faiz olduğu halda, bu göstərici qeyri-dövlət sektorunda 15,8 faiz, büdcəyə ödəmələrin bəyan edilmiş dövriyyələrdə xüsusi çəkisi isə dövlət sektorunda 24,2 faiz, qeyri-dövlət sektorunda 12,8 faiz təşkil edib.

Gəlirlərin şəffaf göstərilməməsi səbəbindən 2018-ci ildə özəl klinikalar tərəfindən təqdim olunmuş bəyannamələrdə orta rentabellik göstəricisi cəmi 1,8 faiz təşkil edib. Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əmək haqlarının geniş tətbiq olunmasını bir daha təsdiq edib. 2019-cu ilin iyun ayında muzdlu işlə əlaqədar bəyannamə məlumatlarına əsasən tibb müəssisələrində 1 işçiyə düşən orta aylıq əməkhaqqı məbləği 348,8 manat göstərilib. Reallıqda bu məbləğin bir sıra hallarda dəfələrlə çox, hətta on minlərlə manat olduğu təsdiqini tapıb. Göründüyü kimi, uçot intizamının aşağı olması səbəbindən tibb sahəsində vergidən yayınma riskləri yüksəkdir. Təqdim olunan tibbi xidmətlərin dəyərinin böyük hissəsini həkimlərə ödənilən qeyri-rəsmi əməkhaqqı təşkil edir. Buna görə də tibb müəssisələri onların gəlirlərini formalaşdıran xidmətin dəyərindən vergilərin ödənilməsində maraqlı olmurlar. Nazirlyin açıqlamasına görə, bu isə o deməkdir ki, qanunvericiliyin pozulması halları təsadüfi deyil, bilərəkdən baş verir.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər