330x110
 

“Bank of Baku”-da neçə nəfərin gecikən kreditləri üzrə ödəniş edilib? - MÜSAHİBƏ

10.10.2019,16:15


Bəzi ekspertlər banklar tərəfindən verilmiş kreditlərin geri qaytarılmasında problemlərin yarandığınə iddia edir. Onlar hesab edir ki, belə getsə Azərbaycanda ikinci problemli kredit bumu yaşanacaq. Bu və digər məsələlərlə bağlı “Bank of Baku”-ya sorğu göndərdik.

Bankdan ABC.AZ-a verilən müsahibəni təqdim edirik.

Məlum olduğu kimi problemli kreditlərin həll olunması ilə bağlı prezident İlham Əliyevin fərmanı var idi. Bankınız tərəfindən fərmanın icrası hansı səviyyədə icra olundu nə qədər müştərinin problmli kredit məsələsi həllini tapdı?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı fərman həm insanların maddi rifahının yaxşılaşdırılmasında, həm də bank sektorunun sağlamlaşdırılmasında çox mühüm fayda verdi. Ölkə əhəmiyyətli bu sosial layihə çərçivəsində Bank of Baku kompensasiyaların ödənilməsi zamanı müştəri sayı baxımından 96,21%, məbləğlərin ödənilməsi baxımından isə 98,78% həcmində fərmanın icrasını həyata keçirmişdir. Ümumilikdə, kompensasiyalar hesabına 64437 nəfərin gecikən kreditləri üzrə ödəniş edilərək, 23734 nəfər müştərinin kreditləri isə resturukturizasiya olunaraq problemli kredit məsələsi öz müsbət həllini tapmışdır.

Problemli kreditlər çərçivəsində müştərilərə nə qədər məbləğdə vəsait ödənildi?

Problemli kreditlərin həlli istiqamətində icra olunmuş layihə çərçivəsində bankımızın müştərilərinə 53 mln. manatdan çox vəsait ödənilmişdir.

Ötən ay Palata bankların maliyyə vəziyyəti barədə hesabatını açıqladı. Hesabatda banklarda gecikdirilmiş kreditlərin yenə çoxaldığı məlum oldu. Sizin bank verdiyi kreditlərin ödəmələrinin yenidən çoxalmasının qarşısını necə alır? 

Hal-hazırda bankımıza müraciət etmiş vətəndaşlar üçün kreditlərin rəsmiləşdirilməsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Əməkdaşlarımız hər bir müraciəti kredit analizi aparılmaqla dəyərləndirir, sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsiplərini əsas tuturlar. Bu istiqamətdə görülən işlər və təhlillər qeyd etdiyiniz məsələnin minimal səviyyədə saxlanılması üçün edilir.

Məlum olduğu kimi banklar müasir dövrdə insan təmasını minimuma endirmək istəyir. Bunun üçün mobil bankçılığı inkişaf etdirir. Sizin bankınız bu istiqamətdə hansı işləri görür?

Bildiyiniz kimi, Bank of Baku artıq 25 ildir ki, müştərilərinə təqdim etdiyi yeni xidmət və məhsulları ilə, rəqəmsal bankçılığın inkişafı naminə gördüyü işləri ilə sektorunun ən innovativ üzvlərindən biri olaraq adını qoruyub saxlamaqdadır. Daim müştərilərinin rahatlığını düşünən bankımız dövrün tələblərinə uyğun olaraq onlara banka yaxınlaşmadan əməliyyatlarını rahatlıqla icra edə biləcəkləri bir çox imkanlar təqdim etmişdir. Rəqəmsallaşan dünyanın hər an yenilənən tələblərinə uyğun olaraq bankımız bu istiqamətdə gördüyü işləri daim təkmilləşdirir, müştərilərini yeni innovativ həllərlə sevindirməyi hədəfləyir. Cari olaraq, bankımız tərəfindən müştərilərin banka gəlmədən günün istənilən saatında onlayn hesab açması, kredit əldə edə bilməsi, istifadə etdiyi ödəniş xidmət növlərinin artırılması, kartlarla əməliyyat imkanlarının genişləndirilməsi və digər istiqamətlərdə işlər icra olunur. Bank əməliyyatlarını olduğu məkandan asılı olmayaraq, 24/7 rejimində icra etmələrinə imkan yaradan bankımızın İnternet Bankçılıq və DostBank mobil tətbiqi də məhz yuxarıda qeyd olunan məqsədlərə xidmət etmək üçün mütəmadi olaraq təkmilləşdirilir, yeni funksiyalarla zənginləşdirilir.

Müəllif: Elmir Murad