330x110
 

Sentyabrda OPEC üzrə neft hasilatı 1,3 mln. barrel azalıb

11.10.2019,10:53


11 oktyabr, Fineko/abc.az. Sentyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft istehsalı azalıb.

Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki,  OPEC-in neft hasilatı sentyabr ayında  1 milyon 318 min barrel azalaraq gündəlik 28 milyon 490 min barrel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 29,3 faiz olub.

Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Liviya, Anqola və Konqo artırıb. Liviyada gündəlik istehsal 104 min barrel artaraq 1 milyon 164 min barrel olub. Anqolanın sutkalıq hasilatı 24 min barrel çoxalaraq 1 milyon 411 min barrelə çatıb. Konqoda isə neft istehsalı 14 min barrel artaraq sutkada 335 min barrelə yüksəlib.

Sentyabrda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Səudiyyə Ərəbistanı, Venesuela və İraqda azalıb. Səudiyyə Ərəbistanının gündəlik hasilatı 1 milyon 280 min barrel azalaraq 8 milyon 564 min barrelə düşüb. Venesuelada istehsal 82 min barrel geriləyərək sutkada 724 min barrel təşkil edib. İraqda isə hasilat 60 min barrel azalaraq 4 milyon 724 min barrel təşkil edib.

Ötən ay dünyada 63 qazma qurğusu işə düşüb, ümumilikdə qurğuların sayı isə 2 min 299 olub. Həmin qurğuların 585-i OPEC-ə üzv ölkələrdədir.