Azərbaycan Beynəlxalq Bankı hesabat açıqladı – FAİZ XƏRCLƏRİNDƏ AZALMA VAR

16:45 - 14.10.2019


14 oktyabr, Fineko/abc.az. 2019-cu ilin 9 ayı ərzində Azərbaycan Beynəlxalq Bankının aktivləri 9 milyard 321 milyon 336 min manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə Bankın açıqladığı 9 aylıq maliyyə hesabatında qeyd olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur. Son bir ildə bankın öhdəlikləri 11,2% artaraq 7 milyard 829 milyon 995 min manata çatıb. Artan təkcə öhdəliklər deyil, həm də bankın müştərilərə verdiyi kreditlərdir. Belə ki, bəhs olunan dövrdə bankın müştərilərə verdiyi kreditlərin həcmi 16 milyon 421 min manat və ya 12,84% artaraq 144 milyon 282 min manat təşkil edib.

Bankın faiz gəlirləri isə ötən ilin 9 ayı ilə müqayisədə 8.22% və ya 25 milyon 328 min manat çox olub. Yalnız faiz xərcləri 20,70% azalaraq 71 milyon 684 min manat, xalis faiz gəlirləri 20,16% artaraq 262 milyon 510 min manat, qeyri-faiz gəlirləi isə 24,30% artaraq 100 milyon 335 min manat,  qeyri-faiz xərcləri isə 36,98% artaraq 113 milyon 176 min manat təşkil edib.

9 ay ərzində Beynəlxalq Bankın gəlirləri 11,5% artaraq 434 milyon 529 min manat, xərcləri isə 6,8%-dan çox artaraq  184 milyon 86 min manat təşkil edib. Nəticədə Bankın 249 milyon 669 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 73 milyon 317 min manatın azad olması mənfəətin 322 milyon 987 min manata yüksəlməsini təmin edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər