Azərbaycanın Türkiyəyə ixracatında azalmalar ola bilər - EKSPERT

10:36 - 15.10.2019


15 oktyabr, Fineko/abc.az. ABŞ-ın Türkiyəyə qarşı sanksiya planı qonşu ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Son bir həftədə lirə 4 faiz dəyər itirib. Belə ki, ötən həftə 1 dollar almaq üçün 5.7 lirə ödəmək lazım idisə indi bu rəqəm 5.9 lirəyədək geriləyib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

“Aydındır ki, Ağ Ev sanksiyaları gücləndirəcəyi halda bu Türkiyə iqtisadiyyatına yalnız məzənnə deyil, digər formalarda da neqativ təsir göstərəcək. Xüsusən də Türkiyə iqtisadiyyatına yönəldilən bibraşa xarici investisiyaların həcmində azalmalar ola bilər” deyə V.Bayramov vurğulayıb. Türkiyəni Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaş adlandıran mərkəz rəhbəri əlavə edib ki, Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib: “Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır.  Qeyri-neft məhsullarımızın 1/3-ü Türkiyənin payına düşür. Bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər. Doğrudur, hələlik ciddi azalmalar proqnozlaşdırılmasa da ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq. Bütün hallarda Türkiyə iqtisadiyyatının zəifləməsi bizim üçün məqbul hesab olunmur. Bütövlükdə, sanksiyaların genişlənəcəyi halda isə lirənin 6 bəndlik pisxoloji həddi aşacağı gözlənilir”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər