“Premium Bank”-ın xalis mənfəəti azalıb – 16 MİLYON MANATA YAXIN

10:54 - 17.10.2019


17 oktyabr, Fineko/abc.az.  “Premium Bank” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) 11 milyon 82 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.

ABC.AZ xəbər verir ki, bu barədə bankın 2019-cu ilin 9 ayı ilə bağlı açıqladığı maliyyə hesabatında qeyd olunub. Hesabata əsasən bank ötən ilin analoji dövründə 28 milyon 180 min manat xalis mənfəət əldə etmişdi. Ötən il yüksək məbləğdəki mənfəətin səbəbi kimi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan qayıtmanın olması göstərilir.

Hesabatda qeyd olunur ki, 2019-cu ilin yanvar-sentyabr dövründə “Premium Bank”ın cəmi gəlirləri 45 milyon 697 min manat, cəmi xərcləri isə 33 milyon 265 min manat təşkil edib.  Gəlirlər xərcləri üstələdiyindən Bankın 12 milyon 432 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın 145 min manatı azad olub və mənfəət 12 milyon 577 min manata yüksəlib. “Premium Bank” 1 milyon 495 min manat mənfəət vergisi ödədiyindən rübü 11 milyon 82 min manat xalis mənfəət ilə bağlayıb.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə “Premium Bank”ın cəmi gəlirlər 42 milyon 973 min manat, cəmi xərcləri 33 milyon 557 min manat, əməliyyat mənfəəti 9 milyon  416 min manat təşkil etmişdi. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan 19 milyon 168 min manat azad olmuş və mənfəət 28 milyon 585 min manata yüksəlmişdi. Bank 404 min manat mənfəət vergisi ödəmiş və həmin dövrü 28 milyon 180 min manat xalis mənfəət ilə bağlamışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər