330x110
 

Palata kompensasiyalarla bağlı narazılığa CAVAB VERDİ

17.10.2019,15:55


17 oktyabr, Fineko/abc.az. Bu günə kimi 602 min vətəndaşın kompensasiya çərçivəsinə, 300 mindən artıq vətəndaşın isə kreditlərin restrukturizasiyası çərçivəsinə düşməsi ilə bağlı siyahı müəyyən edilib.

ABC.AZ xəbər verir ki, bunu kompensasiyalarla əlaqədar bəzi narazılıqlara münasibətlə bağlı açıqlama yayan Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildiriblər.

Açqıalamada qeyd olunub ki, 01.10.2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 98%-nə ümumilikdə 633.2 milyon manat həcmində ödənişlər həyata keçirilib ki. bu da cəmi ayrılmış məbləğin 97%-ni təşkil edir. Eyni zamanda, Fərman çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinən faiz və dəbbə pullarının həcmi 204.9 milyon manatdan çox olub. 42 min borcalanın kreditləri tamamilə bağlanıb, problemli kreditlərin illik 1% olmaqla 5 il müddətinə restrukturizasiyasına başlanılıb. 01.10.2019-cu il tarixinə 76 334 borcalanın 153.8 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib. Açıqlamada qeyd olunub ki, restrukturizasiya prosesi cari ilin sonunadək davam edəcək.

Bununla yanaşı, hesablanmış kompensasiya məbləğləri və vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası ilə bağlı yaranan narazılıqlarla əlaqədar vətəndaşların müraciətlərinə baxılması və həlli məqsədilə Apellyasiya Komissiyası yaradılıb ki, vətəndaşlar onlayn qaydada müraciət etmək imkanına malikdir. Bu ilin aprel-may aylarında Apellyasiya Komissiyasına daxil olan müraciətlərin sayı 35 917, müraciətçilərin sayı isə 25 704 olub. Bütövlükdə, 15.10.2019-cu il tarixinə Apellyasiya Komissiyasına 27 384 nəfər vətəndaşdan müraciət daxil olub ki, bunlardan 27 095 vətəndaşın müraciəti cavablandırılıb, 289-u isə hazırda Apellyasiya Komissiyasında baxılma mərhələsindədir.

Müəllif: Elmir Murad