330x110
 

Neft Fondu Milan şəhərindəki daşınmaz əmlakını 112 milyon avroya satıb

18.10.2019,19:00


17 oktyabr, Fineko/abc.az.  Dövlət Neft Fondu (ARDNF) bildirir ki, ARDNF 2016-cı ildə aldığı Milan şəhərinin tarixi mərkəzində yerləşən,  ümumi sahəsi 10 360 kvadrat metr təşkil edən “Palazzo Turati” A tipli ofis binasını 112 milyon avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satmışdır.

Bu barədə ABC.AZ  Fonddan gələn  məlumata istinadən xəbər verir.

Qeyd olunur ki, Palazzo Turati ofis binasının icarəçisi qismində İtaliyanın dövlət qurumu olan Milan Ticarət Palatası çıxış edir. 2016-cı ildən bəri ARDNF qeyd edilən daşınmaz əmlakdan ümumilikdə təqribən 26 milyon avro həcmində gəlir (qiymət artımından və icarədən əldə edilən gəlirlər) əldə etmişdir ki, bu da illik 7,2% gəlirlilik deməkdir. 

Binanın satışı ilə əlaqədar ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov bildirmişdir: “Ümumilikdə biz bu daşınmaz əmlakın satışını uğurlu hesab edirik. Bu cür əməliyyat, yəni birbaşa daşınmaz əmlakın satışı ARDNF-nin daşınmaz əmlak portfeli üçün ilkdir və portfel üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyat nəticəsində daşınmaz əmlak portfelində əlavə vəsait yaranır ki, bu da öz növbəsində daşınmaz əmlak fondları vasitəsilə portfelin daha da diversifikasiya edilməsinə, o cümlədən Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarına fokuslanmağa imkan yaradır.”

Açar sözlər: ARDNF