“Kaspersky” robotlara kortəbii inamın nəticələrini araşdırdı

11:01 - 21.10.2019


21 Oktyabr, Fineko/abc.az. “Kaspersky” və Gent Universitetinin (Universiteit Gent) birgə araşdırmasının nəticələrinə görə,  insanlar sosial robotlara lazım olduğundan daha çox güvənməyə meyllidirlər.

50 könüllünün robotla insani ünsiyyət kanallarından istifadə edərək kommunikasiya qurması əsasında aparılan təcrübə zamanı bütün iştirakçılar əsas təhlükəsizlik qaydalarına məhəl qoymadan robota etibar edərək, ona şəxsi məlumatlarını ötürdülər. Qeyd edək ki, təcrübənin şərtlərinə görə, robot operator tərəfindən idarə edilirdi.

Təcrübə sosial robotun Belçikanın Gent şəhərində binaların birinin girişinə yerləşdirilməsindən sonra başladı. Belə ki, binaya giriş şəxsiyyətin müəyyənləşdirilməsini tələb edirdi. Ssenariyə görə, robot təcrübə iştirakçılarından onu da nəzarət olunan otağa buraxmalarını xahiş edirdi. Nəticədə, iştirakçıların 40%-i  bunu etməyə razılaşdı. Robot məşhur restoranlardan birinin pizza paylayanı kimi təqdim olunanda isə daha çox insan onu qapalı məkana  buraxdı.

Təcrübənin ikinci hissəsində robot insanları səmimi söhbətə cəlb  etdi. Tədqiqatçılar robotun təcrübə iştirakçılarından şifrələr və hesab parametrlərinin (məsələn, doğum tarixi, sevimli rəng, ilk avtomobilin markası və s.) dəyişdirilməsində istifadə olunan şəxsi məlumatları necə əldə edə biləyəcəyini araşdırdılar.  Nəticədə robotla söhbət zamanı bir nəfərdən başqa bütün iştirakçılar bəzi şəxsi məlumatlarını robota təqdim etdilər.

Təcrübənin nəticələrini şərh edən “Kaspersky”nin antivirus mütəxəssisi Dmitriy Qalov qeyd etdi ki, hazırda  bu robotların əksəriyyəti sınaq mərhələsindən keçir və çox məhdud sayda istifadə olunur, lakin yaxın gələcəkdə onlar gündəlik həyatın bir hissəsinə çevriləcəklər.

“Şirkətimiz və Gent Universitetindəki həmkarlarımız tərəfindən aparılan  təcrübə təsdiq etdi ki, robotlarla  bağlı kiber təhlükəsizlik məsələlərinə laqeyd yanaşma insanlara mənfi təsir göstərə bilər. Həqiqətən, əgər cinayətkar belə bir cihazın sisteminə giriş əldə edərsə,  bunun ətrafdakılar üçün necə nəticələnə biləcəyi məlum deyil. Ümid edirik ki, bu cür təcrübələr və tədqiqatlar ictimaiyyəti və İT cəmiyyəti robotlara münasibəti və təhlükəsizliyi təmin edən texniki imkanları yenidən nəzərdən keçirməyə məcbur edəcək",  deyə D.Qalov bildirib.

Öz növbəsində Gent Universitetinin professoru və süni intellekt və robototexnika sahəsinin  mütəxəssisi Toni Belpayem (Tony Belppaeme) əlavə etdi ki, elmi ədəbiyyat insanların robotlara, xüsusən də sosial köməkçi olan robotlara etibar etməyə meylli olduqlarını sübut edir və bu etimad insanları inandırmaq üçün istifadə edilə bilər. Ümumiyyətlə, robot nə qədər çox antropomorfik görünsə, insanları bir o qədər çox inandıra bilir. Təcrübəmiz göstərdi ki, bu hal ciddi risklər yarada bilər, belə ki,  insanlar robotun zərərsiz olduğunu güman edərək təhlükəsizlik qaydalarını unudurlar. Ancaq bu kortəbii güvən kiber hücumların ehtimalını artırır. Belə ki, apardığımız təcrübənin nəticələri sosial robotlarla qarşılıqlı əlaqə qurarkən nəzərə alınmalı olan risklərin yalnız kiçik bir hissəsini nümayiş etdirdi.  Bu risk və zəiflikləri anlamaq və aradan qaldırmaq üçün birlə işləmək çox vacibdir", - bunu T.Belpayem dedi.

“Kaspersky” şirkəti və Gent Universitetinin birgə təcrübəsinin nəticələri ilə burada tanış ola bilərsiniz: https://securelist.com/robots-social-impact/94431/

 

Bütün xəbərlər