Şahin Mustafayev: Gələn il əsas kapitala 18,3 milyard manat investisiya qoyuluşu gözlənilir

16:30 - 21.10.2019


21 oktyabr, Fineko/abc.az. Gələn il əsas kapitala investisiya qoyuluşunun 18,3 milyard manat təşkil edəcəyi gözlənilir.

Bunun 12,2 milyard manatı daxili, 6,1 milyard manatının isə xarici investisiyaların payına düşəcəyi proqnozlaşdırılır.

Bunu İqtisadiyyat Nazirliyinin keçirdiyi geniş kollegiya iclasında  İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, bu investisiyaların 7,7 milyard manatı neft sektoruna, 10,6 milyard manatı isə qeyri-neft sektoruna yönəldiləcək. Əsas kapitala yönəldiləcək investisiyaların 11,1 milyard manatı və ya 60 faizdən çoxu qeyri-dövlət sektoru tərəfindən yatırılacaq.

“İnvestisiyalarda bank sektorunun rolunun artırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, maliyyə dərinliyi (kreditlərin qeyri-neft ÜDM-ə nisbəti) 2014-cü ildəki 51 faizdən 2019-cu ilin avqust ayının sonuna 27,8 faizə enib. Qeyri-neft investisiyalarına əsaslanan artımın əldə edilməsi üçün iqtisadi fəaliyyət subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, maliyyə dərinliyinin Strateji Yol Xəritəsində müəyyən olunmuş 60 faizə çatdırılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir.”- deyə Şahin Mustafayev bildirib.

 

 

Bütün xəbərlər