Tbilisidə “Transxəzər" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib

17:00 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Bu gün Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının iclası keçirilib.

Xəbər verilir ki, iclasda Ukraynanın “TIS Konteyner Terminalı” və “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC assosiasiyaya üzv qəbul olunub, eyni zamanda, idarə heyətinin tərkibinə dəyişikliklər edilib.

Sonra bu ilin 9 ayında təsdiq olunmuş yükdaşıma həcmlərinin icrası, Qazaxıstandan bu marşrut vasitəsilə kömür daşınması tariflərinin endirilməsi məsələləri müzakirə olunub, 2020-ci il üçün tariflər ilkin olaraq nəzərdən keçirilib.

Tədbirdə, həmçinin “Kazmortransflot” şirkətinin son yarım ildə Aktau-Bakı fider xətti üzrə konteyner daşınmaları sahəsindəki fəaliyyəti barədə hesabat dinlənilib, şirkətin müqavilə müddətinin uzadılması barədə razılıq əldə olunub.

Eyni zamanda, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fider gəmilərinin həmin marşrut üzrə istifadə olunması müzakirə edilib.

İclasın sonunda Azərbaycan tərəfinin təklifləri nəzərə alınmaqla yekun sənəd imzalanıb.

Ölkəmizi bu tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov başda olmaqla geniş nümayəndə heyəti təmsil edib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

 

© Azertag.az

Bütün xəbərlər