Məşğulluq proqramının təkmiləşdirilməsinə ehtiyac var – Vüqar Bayramov

11:47 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. Özünüməşğulluq proqramının təkmilləşdirilməsinə ehtiyac var.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov təşkilatın sosial istiqamətdə aparılmış islahatlarla bağlı hazırladığı mexanizmin qısa təsvirini təqdim edərkən deyib.

V.Bayramov qeyd edib ki, əvvəlki dövrlərdə, xüsusən mal-qaranın ucuz alıb baha rəsmiləşdirilməsi ilə bağlı xeyli faktlar mətbuata təqdim olunmuşdu. “Bu da onu göstərir ki, məşğulluq proqramının da təkmiləşdirilməsinə ehtiyac var” deyə mərkəz rəhbəri vurğulayıb.

O, bildirib ki, sözügedən proqramda iştirak edən vətəndaşlar kənd təsərrüfatı ilə məşğul olmaq istəyərlərsə, onlara lazım olan vəsaitin özlərinin almasına imkan yaradılmalıdır: “Həmin şəxs heyvandarlıq və ya digər kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğuldursa, özü birbaşa satıcı ilə razılaşmalıdır, dövlət isə həmin pulu satıcıya ödəməlidir. Nəticədə bu da dövriyyə vəsaitlərinin qiymətlərinin şişirdilməsi ilə bağlı şübhələri aradan qaldıracaq və imkan verəcək ki, öz biznesini qurmaq istəyən şəxs özü seçim etsin. Digər tərəfdən, özünüməşğulluq proqramı çərçivəsində yalnız mal-qaranın alınması deyil, həm də digər istiqamətlərə daha çox vəsaitin ayrılması və ödəniləcək vəsaitlərlə bağlı limitlərin artırılmasına ehtiyac var. Düzdür, hazırda aqrar sektordan başqa istiqamətlərə də vəsait ayrılır. Amma bunun da sistemləşdirilməsinə ehtiyac var. Xüsusən də payız aylarında mal-qara alan vətəndaşlarımız üçün əlavə xərclər yaranır. Mal-qaranın təbii artımı adətən zaman tələb edir. Bir neçə ay ərzində onun yemə və digər xərcinin ödənilməsinə ehtiyac var ki, bu da xüsusən də ünvanlı sosial yardım alan, maliyyə imkanları güclü olmayan vətəndaşlarımız üçün əlavə xərcdir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər