330x110
 

Sahil Babayev: Doqquz ayda Azərbaycanla Macarıstanın ticarət dövriyyəsi 24,39 mln. dollar təşkil edib

23.10.2019,12:42


23 oktyabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcmi 24,39 mln. dollar, o cümlədən idxalın həcmi 23,85 mln. dollar, ixracın həcmi 0,54 mln.dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Macarıstanın Azərbaycandakı səfirliyi ölkəsinin Milli bayramı münasibətilə təşkil etdiyi  qəbulda deyib.

S.Babayev qeyd edib ki, ümumilikdə, 1995-2019-cu illər ərzində Macarıstandan Azərbaycana 23,2 mln. dollar, Azərbaycandan Macarıstana isə 12 mln.dollar həcmində investisiya qoyulub. 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ölkəmizin ixrac missiyasının Macarıstana səfəri, həmçinin Macarıstan da daxil olmaqla Mərkəzi Avropa üzrə Azərbaycanın ticarət nümayəndəsinin təyin edilməsi bu istiqamətdə görülən mühüm işlərdir. Qeyd edilən tədbirlər ticarət əlaqələrinin inkişafına müsbət töhfəsini verəcəkdir.

Ticarət, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə 11 Macarıstan şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini bildirən S.Babayev investisiya sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. 2016-cı ilin mart ayından ölkələrimiz arasında birbaşa hava əlaqəsinin bərpa edilməsinin biznes və turizm sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirib.