Özəl pensiya fondu hansı formada fəaliyyət göstərməlidir? - Açıqlama

14:10 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. Əlillik dərəcəsi olan vətəndaşlarımız üçün müavinətlərin məbləğinə baxılmasına və artırılmasına ehtiyac var.

 ABC.AZ xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov təşkilatın sosial istiqamətdə aparılmış islahatlarla bağlı hazırladığı mexanizmin qısa təsvirini təqdim edərkən deyib.

 “Bu il birinci paketdə həmin müavinətlərin artırılması ilə bağlı qərar qəbul edilib. Prosesin davamlı olmasına və xüsusən də birinci qrup əlillər üçün sosial müavinətin məbləğinin artıralaraq ən azı minimum əmək haqqı səviyyəsinə çatdırılmasına ehtiyac var ki, həmin vətndaşlarımızın sosial təminatı ilə bağlı hər hansı bir çətinlik olmasın” deyə ekspert şərhində bildirib.

O, qeyd edib ki, bu baxımdan minimum pensiya, minimum əmək haqqı ilə yanaşı, xüsusən də əlillik dərəcələri üzrə sosial müvinət məbləğlərinin artırılması prioritet olmalıdır: “Nəticə etibarilə növbəti aylarda bu istiqamətdə addımların atılmasına ehtiyac var. Özəl pensiya fondunun yaradılması prosesinin sürətləndirilməsi və vətəndaşlarımıza özəl pensiya fondlarında yığım imkanı verilməsinə də ehtiyac var. Eyni zamanda həmin fondlarda yığılacaq vəsaitin xarici valyutalara indeksasiyası önəmlidir ki, gələcəkdə məzənnədəki dəyişikliklər yaranarsa fondakı yığımlara birbaşa təsir göstərməsin və onların dəyərsizləşdirilməsinə gətirib çıxarmasın”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər