“BP” və onun tərəfdaşları “Big Data” Tədqiqat Mərkəzini təqdim etdilər

15:59 - 15.12.2017


15 dekabr, Fineko/abc.az. “BP” və onun  Azərbaycanda icra edilən layihələr üzrə tərəfdaşları  bu gün ADA Universitetində  “Big Data Research Center”-i təqdim etdilər. 

“BP  Azerbaijan” şirkətinin məlumatında deyildiyi kimi, "Big Data" mərkəzi Azərbaycan Diplomatik Akademiya – ADA Universitetində yaradılıb.

““BP” və onun  Azərbaycanda icra edilən layihələr üzrə tərəfdaşları, Azərbaycanda ilk “Big Data” Tədqiqat Mərkəzini məmnuniyyətlə təqdim edirlər. Keçən il icrası başlanmış bu layihə BP-nin və tərəfdaşlarının ölkədə təhsilin inkişafına və iş bilgisinin artırılmasına dəstəyinin bir hissəsidir”, - məlumatda belə deyilir.

Mərkəzdən əlavə,  həmin universitetdə “Big Data”nın Təhlili və Data Elmi üzrə yeni magistr dərəcəsi proqramı da fəaliyyətə başlayacaq. Bunun nəticəsində ölkənin data mütəxəssislərinə və “big data” üzrə analitiklərə olan ehtiyacları qarşılanacaq.  Mərkəz həmçinin dövlət və fərdi sektor üçün açıq olacaq.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev öz çıxışında qeyd edib ki, Mərkəz, ölkənin akademik cəmiyyəti üçün böyük əhəmiyyət kəsb edir. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz öz çıxışında  deyib ki, yeni Mərkəz, ölkədə data üzrə ixtisaslaşmış alimlərin, data və informasiya üzrə mühəndislərin və “big data”nın təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə təkan verəcək.

Dəyəri  410  min dollar olan bu layihənin gerçəkləşdirilməsi 2016-cı ilin oktyabr ayında başlanıb.

 

Bütün xəbərlər