Əməliyyatlar fond birjasını beynəlxalq təcrübəyə uyğunlaşdıracaq – Bakı Fond Birjası

10:48 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dəyişikliklər edilib.

ABC.AZ xəbər verir ki, dəyişiklliyə əsasən, repo predmeti olan korporativ qiymətli kağızların dairəsi genişləndirilib. Belə ki, beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq reponun bağlanma tarixinin reponun predmeti olan qiymətli kağızların ödəniş, faiz ödənişi və ya geri satınalınmasının başlanması tarixindən ən azı beş gün əvvəl olması tələbi çıxarılıb.

Bu repo əməliyyatlarının daha uzun müddətə bağlanmasına imkan verəcək və repo ilə maliyyələşməni təmin edəcək. Repo predmeti olan qiymətli kağızların satıcının hesabında yox, alıcının hesabında dondurulması tələbi müəyyən edilib.

Bununla da, repo satıcısının müddət tamamlandıqdan sonra öhdəliyini yerinə yetirmədiyi halda repo predmeti üzrə bütün hüquqlar repo alıcısına keçdiyi üçün proses daha qısa zamanda həll olunacaq. Eyni zamanda, repo müddəti ərzində repo predmeti olan qiymətli kağızlar üzrə əldə edilən faiz və ya divident gəlirləri repo alıcı tərəfindən əldə ediləcək.

Əlavə olaraq, yeni qaydalarda tərəfləri bir-birinə məlum olan və qabaqcadan razılaşdırılmış qiymətlə və şərtlərlə bağlanan ünvanlı satış əqdlərinin optimallaşdırılması üçün iri həcmli əqdlərin məbləği təkrar bazarda marketmeykeri olan istiqrazlar üzrə 10 mln. manatdan 1 mln. manata, digər istiqrazlar üzrə isə 5 mln. manatdan 500 000 manata endirilib. Bu dəyişikliklər fond birjasında aparılan əməliyyatların beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, repo bazarının inkişafına, birjada bağlanan əqdlərin sayının və likvidliyin artmasına, maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılmasına və birjadankənar bazarda bağlanan əməliyyatların fond birjasına gətirilməsinə dəstək ola bilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər