Azərbaycan 14 pillə irəliləyib - Vüsal Qasımlı

10:46 - 29.10.2019


29 oktyabr, Fineko/abc.az. Azərbaycan "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019" Hesabatında daha 14 pillə irəliləyib və 125 ölkə arasında 43-cü yeri tutub. Bununla da Azərbaycan sözügedən göstəriciyə görə, Baltik ölkələrindən başqa postsovet məkanında lider mövqedədir.

ABC.AZ xəbər verir ki, bu hesabatı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, postsovet məkanında Azərbaycanın ən yaxın izləyiciləri Rusiya və Qazaxıstandır. Onlar müvafiq olaraq 49-cu 57-ci yerləri tutub: "Azərbaycan bu indeksə görə 2015-2016-cı ildə 71-ci, 2017-ci ildə 66-cı və 2018-ci ildə 57-ci yerdə qərarlaşıb. Ölkəmiz qlobal istedad rəqabətliliyi indeksinə görə yuxarı orta gəlirli ölkələr arasında top-3-lükdə qərarlaşmaqla daxil olduğu region - Qərbi Asiya və Şimali Afrika ölkələri arasında 7-cidir. "Qlobal İstedad Rəqabətliliyi İndeksi" hesabatı istedada yaradılan şərait, istedadın cəlb edilməsi, istedadın inkişafı, istedadın ölkədə qalmasının təmin edilməsi, peşə və texniki təhsil, yüksək ixtisaslar indikatorları əsasında hesablanır. Azərbaycan bu indikatorlar üzrə ən yüksək reytinqi peşə və texniki təhsil (25-ci yer) və ən aşağı reytinqi isə istedadın inkişafında (81-ci yer) alıb. Digər indikatorlar üzrə ölkəmiz istedada yaradılan şəraitə görə 48-ci, istedadın cəlb edilməsinə görə 44-cü, istedadın ölkədə qalmasının təmin edilməsinə görə 41-ci və yüksək ixtisaslar üzrə isə 68-ci yerdədir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər