Sığortanın hansı növlərində artım olub? – HESABAT

14:45 - 29.10.2019


29 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-sentyabr ayları üçün sığorta sektorunun göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, qeyri-həyat sığortasının könüllü növlərində 2% və ya 3 milyon 700 min manat, icbari növlərində isə 7% və ya 9 milyon 100 min manat olmaqla sığorta haqlarının artımı davam edib. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə qeydə alınıb. Belə ki , keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 9 milyon manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 26% və ya 5.3 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 29% və ya 1.7 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası 6% və ya 0.6 mln. manat) artım qeydə alınıb. Sözügedən dövrdə icbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 11% və ya 17 milyon 100 min manat artıb.

 Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5% və ya 3.6 mln. manat artım), daşınmaz əmlakın icbari sığortası (21% və ya 4.9 mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1.1 mln. manat artım) növləri olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər