Doqquz ayda alkoqollu və alkoqolsuz içkilərin ixracı 85 faiz artıb

17:25 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (142,3 milyon dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 120,8 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb. 

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayına əsasən xəbər verir.

Qeyd olunur ki,  cari ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 389,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 152 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, pambıq lifi ixracı 86,7 milyon,  kimya sənayesi məhsullarının ixracı 76,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,7 milyon, şəkər ixracı  23,2 milyon,  pambıq ipliyi ixracı 22,5 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 20,3 milyon dollar təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin doqquz ayında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85%,  plastmassa və onlardan hazırlanan məmulatların ixracı 59%, pambıq lifinin ixracı 38%, kimya sənayesi məhsullarının ixracı 35%, pambıq ipliyinin ixracı 32%, meyvə-tərəvəzin ixracı 14%,  şəkər ixracı 12%, elektrik enerjisinin ixracı 6% artıb.

 


Bütün xəbərlər