Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev AHK İMPULS tədbirinin fəxri qonağı olub

12:13 - 31.10.2019


31 oktyabr, Fineko/abc.az. 30 oktyabr 2019-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün Uniper Global Commodities SE şirkətinin sponsorluğu ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı Ekologiya və Təbii Sərvətlər Naziri, cənab Muxtar Babayev “Azərbaycanda Ekoloji Siyasətin Əsas Prioritetləri” adlı təqdimat ilə çıxış edib.

Görüşdə Cənab Babayev tədbir iştirakçılarını ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, mövcud ekoloji problemlərin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər, eyni zamanda Nazirliyin qarşısında duran vəzifələr və mövcud ekoloji problemlərin həlli yolları barədəməlumatlandırıb.

Azərbaycanda atmosfer çirklənməsi ilə bağlı mövcud statistika barədə məlumat verən cənab Babayev ekoloji təmiz yanacaqdan istifadənin təşviqinin və ölkədə hava keyfiyyətinin monitorinq sisteminin modernləşdirilməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, Nazir qeyd edib ki, bərpa olunan enerji mənbələrindən və enerji qənaətli texnologiyalardan istifadənin artırılması, istilik elektrik stansiyalarında qara yağdan istifadənin dayandırılması, meşə sahələrinin genişləndirilməsi, səmt qazlarının həcminin ilbəil azaldılması,Azərbaycanda iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması istiqamətində görülən tədbirlərdən bir neçəsidir.

Cənab Babayev bildirib ki, hal hazırda Qobustan və Samux rayonlarında, eləcə də Bakının Pirallahı, Suraxanı və Sahil qəsəbələrində günəş elektrik stansiyaları fəaliyyət göstərir.

O cümlədən, qeyd olunub ki, Azərbaycan özünün nəzərdə tutulan müəyyən edilmiş Milli Töhfələri sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili olan 1990-cı il ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi yaşıllaşdırma tədbirləri barədə danışan cənab Babayev qurumun növbəti 5 illik tədbirlər planına daxil olan Bakı və Abşeron yarımadasının 7000 hektar ərazilərində yaşıllaşdırma işləri, magistral yollar ətrafında aqro bağların salınması, və alternativ mənbələrdən suvarma zamanı istifadə edilməsi haqqında məlumat verib.

Çıxışın sonunda Nazir özəl sektoru nümayəndələri ilə birbaşa görüş imkanı yaratdığına görə Alman-Azərbaycan Xarici Ticarət Palatasına təşəkkürünü bildirib. AHK Azərbaycan üzvlərinin sorğularının cavablandırıldığı Sual-Cavab sessiyasından sonra tədbir şam yeməyi ilə yekunlaşıb.

Bütün xəbərlər